Posted on

“Tarix boyu Azərbaycandakı əsas etnos Türk adlandırılıb…”

«Bəyəm, azərbaycanca dil var? Məsələn, gürcüstanca dil, özbəkistanca dil demək olarmı ki? Əlbəttə, yox!»
Müsahibimiz dilçi alim, türkoloq Firudin Cəlilov «Bizim Yol» qəzetinə müsahibəsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin milli məsələ ilə bağlı yazdığı kitabdakı fikirlərə münasibət bildirib. Müsahibəni təqdim edrik.
– Firudin müəllim, son iki həftədə mətbuatda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin milli məsələ ilə bağlı yazdığı kitab da müzakirə obyektinə çevrildi. Və kitabdan hissələrin dərcinin Moskvanın “Prezident-Hotel”ində ləzgi və avar mədəniyyət mərkəzlərinin separatçılıq elementləri ilə zəngin olan toplantıdan sonraya təsadüf etməsi siyasi rəngi daha da qatılaşdırdı. Siz bu məqaləni necə qiymətləndirirsiniz?– Bu elə məsələdir ki, bundan ancaq uzmanlar və ziyalılar danışa bilər. Amma qeyri-mütəxəssislər bu sahədəki terminlərə toxunanda yanlışlıqlara yol verirlər. Biri var xalq, etnos, biri də var etnosun yaşadığı ölkə, ərazi, yurd və ölkədə yaşayan bütün vətəndaşlar. Bax, bu məsələləri bir-birinə qatanda ortalığa “bozbaş” çıxır. Ümumiyyətlə, Azərbaycanda iki ideologiya olmalıdır, biri azərbaycançılıq, bu dövlət ideologiyasıdır və mən də bunu dəstəkləyirəm. Azərbaycançılıq ideologiyasının altında nə var, bu, başqa mövzunun söhbətidir. İkincisi, bu məsələ ilə paralel milli ideologiya olmalıdır. Amma bu günkü iqtidarın milli ideologiyadan nəinki xəbəri yoxdur, hətta anti-milli ideologiya ortalığa qoyur.

– Anti-milli ideologiya nə deməkdir?

– Azərbaycanda milli azlıqlar və milli çoxluq var. Yəni əhalinin 90 faizi bir etnos, yerdə qalan 10 faizi başqa etnoslardır. Azsaylı xalqların hüququna hörmətlə yanaşmaqla əsas etnosun adını düz işlətmək lazımdır. Tarix boyu Azərbaycandakı əsas etnos türk adlandırılıb, amma mövcud iqtidar türk sözünü işlətmir. Əgər işlətmirsə, deməli məsələyə elmi yanaşmır. Bu milli etnosun keçmiş tarixi, ənənələri, tarixdə qurduğu dövlətlər var. Yəni azərbaycanlı termini vətəndaş anlamında olmalıdır, «haralısan» sualına cavab verməlidir. Məndən soruşurlar haralısan, cavab verirəm ki, azərbaycanlıyam. Bir ləzgiyə də həmin sualı verəndə, azərbaycanlıyam deyir, o cümlədən talış da, kürd də həmin cavabları verir. Bu cavablar elmi və fəlsəfi baxımdan düzdür. Ancaq bu gün azərbaycanlı sözünü millət, etnos anlamında işlədirlər və bununla da aləmi qarışdırırlar biri-birinə, anlaşılmazlıq yaradırlar. Məsələn, biz türklərə azərbaycanlı deyirlər, kürdə, ləzgiyə, talışa öz adlarını. Üçüncü böyük yanlışlıq vətəndaş anlamını millət anlamına calayırlar. Bir ölkədə müxtəlif dilli xalqların yaşaması normaldır, tarix boyu belə olubdur. Biz də həmişə bu xalqlarla qardaş kimi yaşamışıq, sadəcə, Rusiya və İran həmişə olduğu kimi separatizmə rəvac verəcək. Elə həmin terminlərdən də onlar istifadə etməklə dövlətçiliyin əleyhinə iş aparırlar, çünki bəhanəni indiki hakimiyyət verib. Bir daha deyirəm, tarix boyu millət adımız türk olub və düşmənimiz də bizi türk adlandırıb. Təsəvvür edin ki, düşmən mənim adımı düz deyir, amma tarixi-elmi baxımdan naşı hökumətin professor-akademik məmurları bizə yeni ad qoyublar və dilimizin adlanmasına da «azərbaycanca» ifadəsi gətiriblər. Bəyəm, azərbaycanca dil var? Məsələn, gürcüstanca dil, özbəkistanca dil demək olarmı ki? Əlbəttə, yox!

– Siz türkdilli azərbaycanlılar ifadəsini elmi-siyasi baxımdan necə izah edərdiniz?

– Əvvəla, türkdilli sözünün özü yanlışdır. Azərbaycanda rusca oxumuş və rusca kitablar yazan məşhur yazıçılarımız var, amma onlar rusdillidirlər. Bəs onlara rusdilli deməklə, rus olurlarmı? Yox! İndi türkdilli ifadəsinə də həmin meyarla yanaş, bax, mənə türkdilli demək nədir, yəni biz türkdilli deyilik, ancaq türkcə danışırıq. Bu sözlərin hamısının altında böyük siyasət dayanır. Amma hökumət bu məsələlərə səthi yanaşır, çünki siyasi-elmi baxımdan dərin deyillər. Ona görə elmi baxımdan da qarışıqlıq yaradıblar və özləri də bu burulğana düşüblər.

– İndiki zamanda bu məsələlərin gündəmə gətirilməsinin anlamı varmı?

– Bilirsiniz, məsələ həmişə gündəmdə olmalı və müzakirə edilməlidir. Çünki bu gün hətta Avropa ölkələrində də milli məsələ ön plandadır. Ən inkişaf etmiş dövlətlərin yaxın keçmişinə baxsanız, görərsiniz ki, son illərdə də millim məsələyə yanaşma daha da güclənib. Yenə söhbətimizin əvvəlinə qayıdıram, Azərbaycanda iki ideologiya ətlə dırnaq kimi olmalıdır: azərbaycançılıq və milli ideologiya. Amma bizdə yarımçıq azərbaycançılıq ideologiyası var ki, onu da qarışdırıblar, milli ideologiya isə yoxdur.

– Milli ideologiya nə deməkdir?

– Milli ideologiya odur ki, tarix boyu bir millətin qazandığı uğurların gündəmdən çıxmamasına çalışmaq lazımdır. Çünki milləti milli dəyərlər yaşadır. Bu gün nəinki milli dəyərlər yoxa çıxır, gənclər də kökündən ayrı düşür. Hətta bizim millət olaraq adımızı da düz deyə bilmirlər.

– Demək istəmirlər və ya demirlər?

– Bəziləri savadsızlıqlarından bunu bilmir, bəziləri isə məqsədli şəkildə belə danışırlar.

– Firudin müəllim, milli ideya ifadəsinə necə yanaşırsınız, o mənada ki, ideya ümumbəşəri və kosmopolit hadisə olan fəlsəfi hadisə deyilmi?

– Akademiyaya niyə Milli Akademiya deyirlər, elə adını akademiya qoysunlar da.

– Bütün hallarda elm milliliyə sığmır axı…

– Yox, niyə Milli Akademiya qoyublar? Yaxud milli Dram Teatr, ya da milli musiqi, milli yeməklər deyirlər? Hər şeyin qarşısında milli sözü var, amma həm də bütövlükdə götürəndə milli yoxdur. Bax, dərd bundadır!

Natiq CAVADLI

“Bizim yol”
Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir