Posted on

“Sabiq səfirin başı o qədər işləyir…”

Firudun Cəlilov: “Hər yerindən duran yardım toplasa, onu lazım olan yerə necə çatdıracağıq?”

Güney Azərbaycanda baş verən zəlzələ, onun yaratdığı fəsadlar, Azərbaycanın atmalı olduğu addımlar, indiki durum və digər məsələlər haqqında suallara türkoloq alim, sabiq təhsil naziri, Uluslararası Güney Azərbaycan Konseyinin üzvü Firudun Cəlilov cavab verib.

– Firudun müəllim, Güney Azərbaycanda baş verən təbii fəlakət yüzlərlə soydaşımızın faciəvi ölümünə səbəb olub. Bu ölümlərin sayı daha az ola bilərdimi?

– Güney Azərbaycanda təbii fəlakət baş verib. Arazın o tayındakı xalqımıza böyük itki üz verib, minlərlə ev dağılıb, yüzlərlə soydaşımız dünyasını dəyişib. Bəzi kəndlər tamamilə yerlə yeksan olub. Dağılan kəndlərin əhalisinin 40 faizi torpağın altında qalıb. İtkilərlə bağlı müxtəlif rəqəmlər deyilir. Bəlli olan budur ki, 300-dən çox soydaşımız tələf olub, iki mindən çox insan isə xəsarət alıb. Görünən budur ki, İran dövləti rəqəmləri olduğu kimi açıqlamaqda maraqlı deyil. Bir dövlətdə zəlzələ baş verib və bu ciddi dağıntılar, insan itkiləri ilə müşahidə edilib. Ancaq hadisədən düz yeddi saat sonra hökumət reaksiya verib. Şübhəsiz ki, hadisədən dərhal sonra əhaliyə bu haqda xəbər verilməli idi, ancaq verilməyib. Nəticədə uçqun altında qalan soydaşlarımızın yardımına gedən olmayıb. Yeddi saatdan sonra İran dövlət televiziyası bu haqda epizodik xəbər yayıb. Baş verən bu zəlzələ ilə bağlı müxtəlif dövlətlər öz yardımını təklif edir. Amma Tehran rejimi bu yardımı qəbul etməkdən imtina edib. Bu artıq onu göstərir ki, İran rejimi nəinki Güney Azərbaycan əhalisinin qayğısına qalır, hətta onların məhv olmasını arzu edir. Burada qeyd etməliyik ki, Güney Azərbaycan türkünün qardaşı Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətidir. Təəssüflər olsun ki, Güneydə üç günlük matəm elan edilib. Amma Azərbaycanda və Türkiyədə hansı kanalı açırsan çal-çağır, konsert, şou proqramlar görürsən. Bu yaxşı hal deyil.

– Ancaq baş verən zəlzələ ilə bağlı heç İran dövləti səviyyəsində də matəm elan edilməyib…

– Biz matəmin yalnız zəlzələ baş verən bölgələrin rəhbərliyi səviyyəsində elan edildiyinin şahidi olduq. Ancaq dövlət səviyyəsində matəm elan edilməyib. Həm də yerli rəhbərliklər səviyyəsində matəm iki gün elan edilib. Milli fəallar isə üç günlük matəm elan ediblər. Bir sözlə, İran dövləti səviyyəsində matəm olmayacaq. İranın dövlət səviyyəsində matəm elan etməməsini mən qətiyyətlə pisləyirəm. Çünki bu insanlar İran adlanan ölkənin vətəndaşlarıdır və bu ölkənin ayaq üstə durmasında xidmətləri var. Ancaq biz gördük ki, İranın bir hissəsində matəm elan edildi, bir hissəsində yox. Bu fars rejiminin azərbaycanlılara münasibətinin əyani göstəricisidir.

– Bəs bizlər ora hansı köməklik edə bilərik?

– İlk olaraq mənəvi yardım edilməlidir. Həm də ora əsas yardım bundan sonra olmalıdır. Orada yaxınlarını itirənlərin başı əzizlərini dəfn etməyə qarışıb. Evləri dağılan, dağıntı altında qalan insanlar pis vəziyyətdədir. Uman yerdən küsərlər. Bu gün onlar hər nə umursa Türkiyə və Azərbaycandan umur. Onlar Ermənistandan yardım uman deyillər ki?

– Artıq Güney Azərbaycanla bağlı maddi, mənəvi dəstək kampaniyasına başlanılıb, hətta insanlar zərflərə ürək sözlərini belə yazırlar. Sizcə, bu yetərli deyilmi?

– Əlbəttə, yetərli deyil. Biz də Uluslararası Güney Azərbaycan Konseyi üzvləri olaraq Türkiyə və Azərbaycan dövlət başçısına, eləcə də, ATƏT-ə və digər qurumlara müraciət göndərmişik. Həmçinin mümkün qədər bu haqda camaatımıza bilgilər veririk, mətbuata danışırıq. Hətta bu məsələyə dair mətbuat konfransı da keçirmişik. Amma bunlar çox azdır. Azərbaycan Respublikasında insanların Güney Azərbaycanda baş verən bu təbii fəlakətə münasibəti şəxsən məni qane etmir. Söhbət təkcə ziyalılardan getmir. Sanki cəmiyyətin bu faciədən xəbəri yoxdur. Həm də medianın və televiziyaların bu sahədəki fəaliyyəti məni qane etmir.

– Azərbaycanda çoxlu sayda alim, ziyalı var. Amma bu mövzuda sizdən və bir neçə nəfərdən savayı danışan yoxdur. Hər zaman siyasətdən, Azərbaycanın gələcəyindən, demokratiyadan danışan insanlar bu məsələdə nədənsə susurlar…

– Sizin dediklərinizlə yüz faiz razıyam. Bunun səbəbini bilmirəm. Toplum artıq milli kimliyi ilə maraqlanmadığı görünür və bu da məni ağrıdır. Təsəvvür edin ki, qeyd etdiyiniz alimlər, sənətkarlar, ziyalılar və hər zaman üzdə olan insanların böyük əksəriyyətinin Güney Azərbaycanda qohumları var. Yəni insan nə qədər kor olmalıdır ki, bu məsələləri görməsin.

– Azərbaycanda həm də yardım kampaniyası başladılıb, insanlar güneydəki bacı-qardaşlarına yardım toplamaq istəyirlər. Bu faktı necə qiymətləndirirsiniz?

– Mənim onlarla işim yoxdur. Ancaq hesab edirəm ki, bütün bunlar mərkəzləşdirilmiş formada həyata keçirilməlidir. Fikrimcə, əlli yerdə və əlli adam eyni işi görməməlidir. Həm də nəzərə almaq lazımdır ki, bu toplanılan yardımın zərər çəkənlərə çatıb-çatmayacağı məsələsi var. Mən artıq bu məsələ ilə bağlı fikrimi bir dəfə demişəm. Məsələn, əgər buradan pul toplayıb İran səfirliyinə verəcəklərsə, mən yüz faiz bilirəm ki, bu vəsait gedib zərərçəkənlərə çatmayacaq. Çünki İran dövlətinin münasibəti ortadadır.

– DAK-ın rəsmisi Əjdər Tağızadə bildirir ki, yollanan yardımın bir çöpü də soydaşlarımıza çatmayacaq. Əldə fakt olmadan belə bəyanat vermək nə dərəcədə doğrudur?

– Mən kiminsə fikrinə şərh vermək niyyətində deyiləm. Amma bir daha qeyd edirəm ki, bu istiqamətdə işlər mərkəzləşmiş şəkildə və sistemli olmalıdır. Güneydən olan insanlar komissiya yaratmalıdır. Yoxsa hər yerindən duran yardım toplasa, onu lazım olan yerə necə çatdıracağıq? Əgər bu səfirliyə verilsə, ora çatmayacaq.

– Fars rejimi niyə belə amansız davranır?

– Fars rejimi zəlzələ baş verəndən yeddi saat sonra ötəri informasiya yayıb. Ən dəhşətlisi odur ki, Təbrizdən və digər şəhərdən yığışıb köməyə gedənlərin qarşısını kəsirlər. Onlara imkan vermirlər ki, gedib yardım etsinlər. Xalqın gözü tərəzidir. O, bu münasibətləri görür. Düzdür, indi camaatın başı özünün matəminə qarışıb. Amma Gün Az.Tv oradan 24 saat informasiya verir, camaatla əlaqə saxlayır, real durumu açıqlayır, hara kömək lazım olduğunu qeyd edir. Təəssüflər olsun ki, yalnız GünAz.Tv bu işlərlə məşğul olur.

– Ancaq İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani deyir ki, bu zəlzələdən istifadə edərək hansısa problemlərin olduğunu, Tehran hökumətinin azərbaycanlılara biganə yanaşdığını iddia edənlər bulanıq suda balıq tutmaq istəyənlərdir…

– Mənim həmin şəxslə münasibətim yoxdur və onu tanımıram. Amma nəzərə alın ki, bu fikirləri işlədən xırda bir adamdır. Özü də molla rejiminin məmuru olub. Təbii ki, bu adam elə o cür də deməlidir. Burada qeyri-adi bir şey yoxdur. İran deyilən ölkənin böyük bir ərazisində yaşayan və sayca İrandakı xalqların hamısından çox olan bir millətin yurdunda belə bir faciə baş verib. Ancaq dövlət bütün ölkə üzrə deyil, ancaq hadisənin olduğu bölgə üzrə matəm elan edir. İran dövləti, dediyim kimi, zəlzələdən 7 saat sonra televiziyada ötəri məlumat yayıb. Halbuki hadisədən dərhal sonra bütün televiziya kanalları, radio bu xəbəri ölkəyə çatdırmalı idi. İran dövləti torpaq altında qalan azərbaycanlılara yardım etmək istəyən dövlətlərə rədd cavabı verir. İran adlanan dövlət hətta Güney Azərbaycanın başqa şəhərlərdən faciə baş verən kəndlərə köməyə gedənlərin qarşısını kəsir.

– Ancaq sabiq səfir deyir ki, bu nizam-intizamla bağlı ola bilər və burada ayrı-seçkilik yoxdur…

– Sabiq səfirin başı o qədər işləyir.

– Nəyə görə, İran mətbuatı bu haqda danışan, həqiqəti deyən şəxsləri “düşmən” elan edir. Məsələn, Qənirə Paşayeva haqqında İran mətbuatında gedən yazıları göstərmək olar…

– Bunu “normal” qəbul etmək lazımdır. Biz onların qüsur və nöqsanlarını deyirik. Bu da onların xoşuna gəlmir. Bu “normal” reaksiyadır. Amma mən Azərbaycan və Türkiyənin telekanallarını da tənqid edirəm. Sağ olsunlar, həm Azərbaycan, həm də Türkiyə dövləti ora yardım göndərdi. Ancaq İran dövləti bu yardımı urvatsız elədi. İmkan vermədi ki, bu yardımı aparıb birbaşa zəlzələ olan kəndlərdə dağıtsınlar. Həm Türkiyə, həm də Azərbaycan ora mütəxəssislər göndərməli idi. Bu gün də orada torpaq altında qalanlar var. Həkim briqadaları təşkil olunmalı idi. Əslində heç İrana qulaq asmaq lazım deyildi. Ziyalılar, həkimlər, gənclər basıb gedib torpaq altında qalanlara yardım etməli idilər. Zəlzələ elə faciədir ki, sərhəd tanımır, Yer kürəsinin hər bir nöqtəsində ola bilər. Ona görə də bu məsələni sıradan bir hadisə kimi qələmə vermək doğru deyil.

Nemət

“Gündəlik teleqraf”, 18.08.2012

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir