Posted on

“İki vəzifə tuta bilməyəcəyimə görə, Vurğun Əyyubun namizədliyini təqdim etdim…”

Firudin Cəlilov: “Ə” hərfinin üstündə Elçibəylə bir-birimizi qırırdıq…”

“Deyirdilər ki, Qarabağa pul lazımdı, tələbələrdən rüşvət alaq”

“Üç bucaq” layihəsi bir müddət məzuniyyətdə oldu. Yenidən toplaşıb bir maraqlı adamla danışmaq istədik. Aynur Camalqızı təklif etdi ki, Firudin Cəlilovu dəvət edək. Əlifbadan tutmuş testə qədər böyük işlər görən alim və milli ruhda olan Firudin müəllimlə söhbətləşdik.   

Testi gətirən kişi

Aynur Camalqızı: Firudin bəy, bilirsiz ki, bu günlərdə test üsulunun təhsil sistemimizdə tətbiqinin 20 ili tamam olur. Kifayət qədər böyük tarixdir. Test üsulunun Azərbaycanda tətbiqində sizin də müstəsna xidmətləriniz var. Təəssüf ki, bir çox hallarda bu, unudulur…  Buna görə  istədik ki, məhz bu mövzuda sizinlə söhbət edək. AXC hakimiyyəti dönəmində təhsil naziri postunu tutan şəxs kimi, sizi 20 il əvvələ qaytarmaq istəyirik: necə oldu ki, Azərbaycanda test üsulunun tətbiqinə qərar verdiniz? Hansı çətinliklərlə üzləşdiniz? O dövrkü Azərbaycan cəmiyyəti, Azərbaycan təhsil elitası belə bir dəyişikliyə hazır idimi?..

Firudin Cəlilov: Siz məni 20 il əvvələ qaytardınız. Amma mən 1-2 il də əvvəli bura əlavə etmək istəyirəm. Çünki test üsulu ideyası hələ 1990-cı ildən məndə var idi. O vaxt millət vəkili seçilərkən proqramımda yazmışdım ki, əgər parlamentdə olsam, çalışacam təhsil sektorunda olum və bu sahədə bir sıra islahatlar aparaq. Orada bəndlər var idi. Bunlardan biri də mərkəzləşmiş imtahan idi.
Tale elə gətirdi ki, deputat da seçildim, hətta elm-təhsil və mədəniyyət komissiyasının sədri də seçildim. Bu məsələ elə o vaxtlardan başladı. Yəni 1992-ci ildə yox, 1990-cı ildə parlamentdə komissiyanın işi kimi başladıldı. Amma o zamanlar test üsulunu tətbiq edə bilmədim. Çünki o zamanki hakimiyyət qəbul imtahanlarına bir az başqa cür yanaşırdı. Düzünü desək, məndən də gizlətmirdilər. Deyirdilər ki, Qarabağa pul lazımdır, gəlir yerlərimizin biri də unversitetlərdir. Biz rektorlara müəyyən bir kvota qoymuşuq, onlar da bu pulu yalnız qəbul vaxtlarında toplaya bilirlər. Dedilər ki, doğrudur, düz etmirik, amma hələlik bu, lazımlıdır. Amma mən sənədləri hazırladım. Sonra Ayaz Mütəllibov məni təhsil nazirinin müavini təyin etdi. Orada da edə bilmədim, çünki müavinin belə bir səlahiyyəti yox idi. Rəhim Hüseynov baş nazir olanda məni öz yanına apardı, onun humanitar məsələlər üzrə müavini təyin olundum. Bunu Vahid Əhmədovun təklifi ilə etmişdilər. Orada artıq imkan oldu ki, test məsələsini gündəmə gətirim. Çünki orada təhsil sahəsində artıq ən yüksək məqam idi. Elə işə başlayan günü bu layihənin tətbiqinə də başladım. Oradakı kabinetim artıq qəbul imtahanı kimi olmuşdu. Başladıq mütəxəsisləri toplamağa. Bilirsiz ki, bu üsulu tətbiq etmək üçün kompüter proqramları lazımdır. Ona görə indiki Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanovu çağırdıq. O vaxt İnşaat Univeritetində prorektor idi, həmçinin də yaxşı proqramçı idi. Elə oldu ki, Kamran müəllimi də Qəbul Komissiyasına müavin gətirdik…

Elçin Əlibəyli: Bu yerdə belə bir sual vermək istərdim: niyə məhz Vurğun Əliyev komissiyaya sədr seçildi?
Firudin Cəlilov: Vurğunun da bu sahədə yeri var. Ondan da danışacağam. Amma bu danışdığım tarixdə hələ Vurğun müəlllim yoxdur… Mən Türkiyə səfirliyi ilə, o vaxtkı səfir Altan Karamanoğlu ilə danışdım. Onlar bizə bu layihənin tətbiqində kömək edəcəkdilər. Həm texniki, həm də metodoloji baxımdan. O da sağ olsun, bizə kömək etdi. Dedi ki, iki nəfər göndər, gedib Türkiyədə qaydaları öyrənsinlər. Mən Misir Mərdanovla Vurğunu o zaman çağırdım. Vurğun o vaxt Xalq Cəbhəsində idi, təhsil məsələlərinə baxırdı. Həm də APİ-də işləyirdi.

Elçin Əlibəyli: Bəs o vaxtlar Misir müəllim hansı cəbhədə idi?
Firudin Cəlilov: O vaxt deyəsən, YAP təzə yaranırdı, Misir müəllim də orada idi. Dəqiq xatırlamıram. Mənim bir fərqim var ki, mənim üçün siyasi mövqeyin heç bir önəmi yoxdu. Mən o vaxt nazir müavini olanda keçmiş komunistlər gəldilər ki, istefa ərizəmizi yazıb gedirik. Dedim ki, lazım deyil, qalın işləyin, qane etməsəz, özüm çağıracam sizi. Milli Məclisdə indiki sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də istefa ərizəsi ilə gəlmişdi… Vurğunla Misiri göndərdim Türkiyəyə, getdilər sənədləri gətirdilər. Sonra Türkiyədən də bir mütəxəssis çağırdım, o da gəldi, iki-üç ay bizdə işlədi. Bu məsələni belə hazırladıq. Yəni Vurğun da bu məsələyə belə qatıldı. Vurğunu o səbəbdən bu işə cəlb etdim ki, o, çox prinsipial adamdır. Ümumi işin xatirinə atasının da sözünə baxmaz. Burada da belə prinsipial insanlar lazım idi…

Çətin, amma vacib…

Elçin Əlibəyli: Yəni demək istəyirsiz ki, başqları işin içində olub müəyyən yollarla öz “metodologiya”sını tətbiq edə bilərdi, amma Vurğun müəllim etməzdi?..
Firudin Cəlilov: Xeyr, elə deməzdim. O dövrdə ixtiyar onsuz da onların əlində deyildi. Həmçinin, bu test imtahanının belə bir fəlsəfəsi var. Orada gərək, yüz faiz dürüstlük olsun. Yox, 99 faiz gerçəklik olsa, 1 faizi olmasa, deməli, o artıq öz mahiyyətini itirir. Hər şeyi texnika eləyir, proqramı, cavabları verirsən və kompüter özü öz işini görür.

O vaxt artıq Cəbhənin də hakimiyyətə gəlmək günləri idi. O vaxt bir neçə nəfər bu işə narazılıq etdi, dedilər ki, hələ tezdir. Mən Rəhim Hüseynovdan icazə alıb Türkiyəyə 2000 nəfər tələbə göndərdim. İcazəni də ona görə aldım ki, bu uşaqları test imtahanından sınaqdan keçirək. Rəhim bəy də razılıq verdi. 2000 nəfər tələbəni Türkiyədəki müxtəlif liseylərə, universitetlərə göndərdik. O vaxt bu prosesdə Vurğun Əyyub da, başqa müəllimlər də fəal iştirak etdilər.

Elçin Əlibəyli: Bəs bu məsələdə Elçibəyin heç bir rolu olmadı?
Firudin Cəlilov: Bilirsiz, elə məsələlər var ki, onlar mənimlə qəbrə getməlidir… Bağışlayın… O yöndə suallara cavab verə bilməyəcəm.

Aynur Camalqızı: Axı ali məktəblərə qəbulda test üsulunun tətbiqində Elçibəyin adı çəkilir. Bizim bildiyimizə görə, bu təklif ondan gəlib. Rus qoşunlarının Azərbaycandan çıxarılması kimi, test üsulunun tətbiqini də Elçibəyin adı ilə bağlayırlar. Bəs əslində həqiqət nədən ibarət idi?
Firudin Cəlilov: Çox söz deyilə bilər… Dünyasını dəyişmiş insan haqqında çox danışmaq istəmərəm… Amma, tələsməyək, mərhələ-mərhələ gəlib o yerə çatacağıq. Hələ Elçibəy bu danışdığım prosesdə yoxdur…

Elçin Əlibəyli: Axı dediniz ki, Cəbhə hakimiyyətə gəldi, Rəhim Hüseynov baş nazir idi və yalnız Rəhim Hüseynovun köməkliyi ilə 2000 nəfər tələbəni göndərə bildim. Axı o vaxt artıq Elçibəy Prezident idi…
Firudin Cəlilov: Prezident seçilmişdi, amma, inauqurasiyası olmamışdı…

Elçin Əlibəyli: O zaman İsa Qəmbər bunun əleyhinə idi?
Firudin Cəlilov: İsa bəy əksinə, kömək etdi. Hətta onun qardaşı Rövşən də kömək etdi. Kömək edənlər çox idi, amma mane olanlar da az deyildi. 2000 nəfər tələbəni göndərəndən sonra ölkədə çox sürətlə belə bir rəy yarandı ki, bu, çox ədalətli üsuldur. Çünki kasıb uşaqları oxumağa gedə bilmişdi. Ortalıqda bir manat rüşvət söhbəti belə yox idi. İsgəndər Həmidov daxili işlər naziri idi, amma qardaşı uşağı gedə bilməmişdi. Sürət Hüseynov dövlət katibi idi, amma, qohumu gedə bilməmişdi. Amma keçmiş DTK sədri Vaqif  Əliyev həbsdə idi, oğlu qəbul ola bilmişdi. Bu faktları görəndən sonra razı olmayanlar da bu üsulun ədalətli olduğuna inandı və mənim iki ildə bu üsulu tam tətbiq etməklə bağlı aşa bilmədiyim hasarı bu tələbələrin xaricə getməyi rahatlıqla aşa bildi. Bəli, mən o tələbələri Türkiyəyə yola salanda artıq hakimiyyətdə Xalq Cəbhəsi idi. Bankda pul yox idi ki, o uşaqlara təyyarə ayrılsın. Ədalət Əsgərov Aeroportun rəhbəri idi. Mən ondan xahiş etdim ki, iki təyyarə ayırsın ki, bu uşaqları yola salaq. Pul məsələsini də həll etməsini ondan istədim. Hətta benzin pulunu belə öz cibindən verdi. Dedim ki, qaytaracam. Bu günə qədər harda məni görürsə, gülərək deyir ki, bəs pulumu niyə qaytarmırsan? (gülür). Deməyim odur ki, belə bir çətin vəziyyətdə xaricə uşaq göndərmək və xarici dövlətin də boynuna qoymaq ki, siz bu tələbələri oxudacaqsız, yedizdirəcəksiz, bax, bu, çox böyük məsuliyyət idi. Amma biz bunu bacardıq. Məhz bu hadisədən sonra Cəbhə hakimiyyəti də razılıq verdi ki, ölkə unversitetlərində də qəbul test üsulu ilə aparılsın. Beləliklə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını yaratdıq və mən iki vəzifə tuta bilməyəcəyimə görə Vurğunun namizədliyini Elçibəyə təklif etdim. İlk dəfə 1992-ci ildə rəsmi olaraq ölkədə bu sistem tətbiq olundu və Vurğun bu imtahanları çox uğurla keçirdi. Mən bilirdim ki, o, bacaracaq. Çünki illərlə Milli Azadlıq Hərəkatında bərabər olmuşduq, xarakterini bilirdim. Mən təklif edəndə onu vəzifəyə qoymaq istəmirdilər, amma, israr etdim…

Elçin Əlibəyli: Kim qoymaq istəmirdi? Prezidentmi?..
Firudin Cəlilov: Pənah Hüseyndən soruşsanız, cavab verər, çünki o da bu məsələlərin içində olub. Mən o vaxt ona da dedim ki,Vurğun prinsipialdır, o da sağ olsun, bu məsələni həll etdi. Bax, test üsulunun tarixi belə olub. 1992-ci ildə qəbul olan tələbələrlə görüşlər keçirdim. Onların gözlərinə baxanda rahatlıq tapdım. Gözləri işıldayırdı. Kasıb uşaqları bir qəpik belə vermədən oxuyacaqdılar. Amma əvvəllər tamam başqa cür idi. Siyaha gəlirdi ki, bu adamlara “beş”, ya “dörd” yaz. Siyaha dolurdu, yer qalsaydı,  bir-iki nəfər kasıb oxuyardı, ya oxumazdı. Mən bu ədalətsizlikləri görən biri kimi, kasıb övladlarının gözündə bu işığı görəndə qürurlanırdım. Təhsil bu millətin gələcəyidir. Əgər təhsil sağlam olsa, millətin gələcəyi də sağlam olacaq. Əgər müəllimlərin əli çirklidirsə, cəmiyyət də çirklənir. Əgər müəllimin əli təmiz olsa, cəmiyyət təmiz olacaq. Bu üsul tətbiq olunandan sonra da əleyhinə çıxan insanlar oldu. Həm cəbhəçilər, həm keçmiş komunistlər, rektorlar arasında qarşı çıxanlar var idi. Çünki biz onların siyahılarını pozmuşduq.

Rüşvətsiz təhsil

Faina  Hənifəyeva: Firudin müəllim, yəqin xatırlayırsız ki, əvvəllər çox yüksək məbləğlərdən söhbət gedirdi. Yadımdadı, o vaxt valideynlərim mənim həkim olmağımı istəyirdi. Atamdan 40.000 rubl rüşvət istəmişdilər… Hesbalama aparılırdı ki, nə qədər pul dövriyyə olunurdu?  Bu pullara nəzarət olunurdumu?
Firudin Cəlilov: O cür hesablardan xəbərim olmurdu. Amma uzun illər qəbul imtahanlarında olmuşam.  Əvvəllər belə idi ki, gəlib filan yazıçının övladlarını, ya vəzifəli adamların qohumlarını tapşırırdılar. Biz də güzəşt edirdik. Bu “qayda” daha sonra gəlib o yerə çatdı ki, “filankəslərin övladları” ilə yanaşı, onların adamları da çıxdı. Sonra elə oldu ki, bu adamlar siyahını tam doldurdu. Belə olanda isə kasıba yer qalmadı. Bu vəziyyətə isə dözmək mümkün deyildi. Əleyhinə olanlar çox oldu, çunki əlində siyahısı olanlar qalmışdı. Əlində siyahı qalan adamlar isə etirazlarını davam elətdirirdi. Mən 2000 nəfər tələbəni xaricə göndərəndə onların Elçibəylə görüşünü keçirdim. Orada da Elçibəy dedi ki, siz bilirsinizmi ki, bu günlərdə havalarda nə qədər pullar oynayırdı, biz onların hamısını qoyduq qaldı valideynlərin ciblərində. Ədalətlə etdik. Bu sözlər hələ də mənim yadımdadır. Amma bu işlərin təbliğatı getmirdi. Mənim gördüyüm bu qədər işlərin əleyhinə o vaxt dövlət televiziyası əks təbliğat aparırdı. Millət üçün bu işləri görürdüm, bu işə narazı insanları televiziyaya çıxarıb əks təbliğat aparırdılar.

Elçin Əlibəyli: Kimin göstərişi idi bu?
Firudin Cəlilov: Göstəriş kimin idi, bimirəm. Amma Prezident Aparatından olduğuna əmin idim. Rafiq İsmayılov, YAP-çılar qanadından Zahid Qaralov  müntəzəm olaraq, televiziyada bu işlərin əleyhinə danışırdılar.

Yola getməyən nazir

Aynur Camalqızı: Mənim bildiyim qədər, siz təhsil naziri olduğunuz vaxtlarda prezident Elçibəylə uzun müddət küsülü olmusuz? Niyə? Səbəb nə idi?..
Firudin Cəlilov: Məlumat doğrudur, amma, bir qədər fərqlidir. Mən Elçibəyi Milli Azadlıq Hərəkatının şəriksiz lideri hesab edirəm.Və fəxr edirəm ki, 70-ci illərdə biz bir cəbhədə olmuşuq. Ölkədə ilk türkçülük toxumlarını da bizim Yasamaldakı köhnə evimizdə qoymuşuq. O vaxt Zəki Mürenin mahnılarını dinləyə-dinləyə söhbət edirdik. Elçibəyin ətrafında 5-10 nəfər var idi ki, biz bir məsləkin adamları idik, çox yaxın olmuşuq. Amma elə məsələlər var ki, onlara baxışlarda fərqlər yaranır. Bu da mübahisələrə səbəb olurdu. Məsələn, mən AXC üzvü olmamışam. İndi Milli Dirçəliş günləri adlandırdığımız məlum hadisələrdə mitinqlərdə bir dəfə də olsun, tribunada görsənmədim. Lakin o mitinqi mən idarə edirdim. Nümayiş komitəsinin sədri mən idim. Mən heç vaxt göz qabağında olmağa cəhd etməmişəm.  Elçibəyin prezident olmağında da nə kömək lazım idisə, etmişik. Amma elə məsələlər var idi ki, onlara baxışlarımız fərqlənirdi. Məsələn, vaxt olub ki, bir “ə” hərfinin, “ğ” hərfinin üstündə bir-birimizi qırmışıq.

Elçin Əlibəyli: Siz hansının tərəfdarı idiniz?
Firudin Cəlilov: Mən əlbəttə ki, layihənin tərəfdarı idim. Bu layihə mənim idi. Hətta bu gün də cameə bilmir ki, istifadə etdiyi əlifba ortaq türk əlifbasıdır. Çünki bu prosesin içində olmayıb. Əlifba dəyişikliyi hələ 90-ci illərdən başlamışdı. Amma jurnalistlər yazır ki, bunu Cəbhə hakimiyyəti dəyişdi. Məncə, jurnalistlər heç olmasa, dövlət əhəmiyyətli işlərdə insaflı olmalıdır. Əlifbanın dəyişilməsinin fərmanını Ayaz Mütəllibov vermişdi. Mən özüm şəxsən imzalatdırmışdım. Onda hələ Cəbhə hakimiyyətə gəlməmişdi. Axı yaxın tarixi necə belə dəyişmək olar…

Aynur Camalqızı: Bəs əsl tarixçəsi necədir bu prosesin?..
Firudin Cəlilov: Danışım, qoy, hamı üçün aydın olsun. 1990-ci ildə Sabir Rüstəmxanlı  “Azərbaycan” qəzetinin redaktoru idi. Onda bu qəzet 300.000 nüsxə ilə yayılırdı. Mən, Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Bayram Bayramov və bir çox ziyalılar da redaksiya heyətinin üzvü idik. Həmin qəzetdə mən müzakirə açdım ki, əlifbanı dəyişək, yoxsa, yox? Aylarla bu müzakirə davam etdi, müxtəlif ziyalılar da bu müzakirəyə qoşuldular. Rüstəm Behrudi bu məsələlərin canlı şahidi idi. Bunları yekunlaşdırarkən Mərkəzi Komitə gördü ki, cəmiyyətdə əlifba dəyişmək ovqatı yaranıb, məcbur olub bir komissiya yaratdılar. Dövlət Əlifba Komissiyası o zaman yaradıldı. Mən orada məsul katib idim. Bütün ağırlıq mənim üzərimdə idi. O komissiyada Elçibəy, Sabir Rüstəmxanlı, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Aydın Məmmədov və başqa ziyalılar, dilçilər var idi. İclasları mən keçirirdim. Hə dəfə iclaslarda utanırdım. Hər dəfə bu böyük şəxsiyyətlərin önündə olmaq bir qədər məni sıxırdı da. O komissiya bu layihəni hazırladı, amma 90-cı ildə bunu keçirə bilmədim. Parlamentdə 360 deputat var idi və onlar istəmirdi. Belə olanda Türkiyə ilə danışdım, İstanbulda ortaq türk əlifbası haqqında simpozium keçirilirdi və bütün türk dünyasından da oraya alimlər toplaşdı. Mən də həmin bu layihə ilə getdim. Simpoziumda Məhəmməd Əmin Rəsuazadə ilə eyni vaxtda mühacirətdə olmuş Əhməd Teymur adlı tatar alim var idi. O da bir layihə  gətirmişdi. Belə ki, tatar dili ilə Azərbaycan türkcəsini yaxınlaşdıran bir layihə idi. Sabaha qədər onunla söhbətləşdik. Və belə qənaətə gəldik ki, bu layihədə türkmən, qazax, qırğız və digər türk dilləri də əks oluna bilsin. Həmin əlifba ilə bağlı simpoziumda  məruzə etdim və qəbul olundu. Qəbul olunmuş layihə ilə qayıtdım Azərbaycana. Parlamentdə əlifbanı qəbul etdik və bundan sonra Elçibəylə bizim davamız başladı…

Faina Hənifəyeva: Nəyin üstündə olurdu bu davalar?..
Firudin Cəlilov: O, deyirdi ki, niyə əlifbada “ə”, “x” olmalıdır? Onlar təklif edirdilər ki, “x” hərfini “h” ilə yazaq. Mən də qəti etiraz edirdim ki, olmaz.
Deyirdim ki, bu, bizim deyil, ortaq türk dünyasının əlifbasıdır. Burada bir nöqtəni dəyişdirsək, bu, ortaq əlifba olmaqdan çıxar. Bunu mən dəyişsəm, başqa türk xalqlarında qalacaq.

Elçin Əlibəyli: Siz o zaman Milli İstiqlalda idiz? Çünki Etibar Məmmədov da “ə”, “x” hərflərinin olmağının əleyhinəydi…
Firudin Cəlilov: Ola bilər, o da əleyhinəydi.  Mən onda o partiyada deyildim. Mən çox sonra o partiyaya daxil oldum. O dövrdə adlarını “türkçü” qoymuş, amma əslində Türkiyəçilik, Osmançılıq edən  dövlət adamları Elçibəyə təzyiq edirdi. Onun da gücü mənə çatırdı, amma mən fikrimi əsla dəyişmədim. Bununla da bütün Cəbhə əleyhimə çıxdı. Bu günə qədər də Xalq Cəbhəsinin emblemində “x” yerinə “h” yazırlar… Bir gün İsa bəy gəldi ki, siz 30 illik dostsunuz. Bu iki hərfə görə mübahisə edirsiz, güzəşt elə bu məsələdə Əbülfəz bəyə. Dedim, xeyr. Birincisi, bu səsi xalq yaradıb. İkincisi isə bu, ortaq türk əlifbasıdır. Dəyişiklik etmək olmaz. Biz bir tərəfdən ”turançı” deyirik, digər tərəfdən də  turançılığın belini qırırdıq. Dedi heç olmasa,  nəzərə al ki, o, prezidentdir, sən isə nazirsən, buna görə güzəştə get. Dedim, xeyr, güzəştə gedə bilmərəm…

Aynur Camalqızı: Və bütün bunlara görə prezidentlə küsülü idiniz…
Firudin Cəlilov: Doğrudur… Elçibəy 1il prezident oldu, onun 6 ayını küsülü qalmışıq.  Bu cür prinsipial məsələlərin üstündə olub…

Elçin Əlibəyli: Buna görə Təhsil Nazirliyini böldülər?
Firudin Cəlilov: Bəli, küsülülüyümüzə ikinci səbəb nazirliklə bağlıdır. Gördülər ki, mənə gücləri çatmır. Nazirliyi iki hissəyə böldülər. Çalışdılar ki, orada başım bunlara qarışsın…

Elçin Əlibəyli: Gücləri çatmır deyərkən, sərəncam imzalayıb sizi işdən uzaqlaşdıra bilərdilər axı…
Firudin Cəlilov: Mənim işdən çıxarılmağım üçün sərəncam çoxdan hazır idi…

Elçin Əlibəyli: Bəs niyə imzalanmırdı?
Firudin Cəlilov: Düzünü desəm, qorxurdular…

Elçin Əlibəyli: Nədən qorxurdular?
Firudin Cəlilov: Parlamentdə deputat, komissiya sədri idim, nüfuzum vardı. Bir var, kommunistlər nöqsanları desin üzünə, bir də var milli azadlıq hərəkatında 20-30 il can qoymuş şəxs durur qarşılarında… Daha sonra özlərinə də dedim ki, bu nazirliyi mənə görə bölürsüz, ya ərizə yazım, ya da fərmanımı verin, çıxım. Təhsilin günahı nədir ki, nazirliyi belə bölürsüz? Bu cür məsələlərə görə mübahisələr olurdu…

Faina Hənifəyeva: Amma təcrübə göstərir ki, bu, düzgün addım idi. Nazirliyin bölünməsi niyə doğru qərar deyildi ki?..

(Ardı var)

Əsas Mənbə

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir