Posted on

“Bütün SSRİ dəhşətə gəlmişdi, bizə deyirdilər ki, siz neynəmisiniz…”

Modern.az saytı Azərbaycanın dövlət müstəqilliyinin 20 illik yubleyi ilə bağlı “Müstəqilliyimizin şərəfli tarixi” adlı layihəsini davam etdirir. Layihə çərçivəsində müstəqillik Aktının qəbulunda iştirak edən, həmçinin, tarixə “istiqlalçı deputatlar” kimi düşən sabiq millət vəkilləri ilə müsahibələr təqdim olunur.

Bu dəfə “istiqlalçı deputatlardan” olan Firudin Cəlilovla müsahibəni təqdim edirik.

– Firudin bəy, Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolla bağlı fikrinizi bilmək istərdik. Bununla bağlı müxtəlif fikirlər var. SSRİ-nin dağılmasını labüd hesab edənlər də var, onun dağılmasında Azərbaycanın ciddi rolu olduğunu deyənlər də… Başqa bir kəsim iddia edir ki, SSRİ-nin dağılmağında Azərbaycanın rolu olmayıb, SSRİ dağılmalı imiş. Bu zaman o zamankı DTK-nın rolu qabardılır.  Sizin fikrinizi bilmək olarmı?

– Qeyd etdiyiniz hər üç versiyada həqiqət çalarları var. Amma əsas məsələ odur ki, bu olayın baxış bucağı necədir və buna kim baxır. Adətən bu versiyaları ayrı-ayrılıqda irəli sürənlər, onu müdafiə edənlər iki rəng görürlər: ağ və qara. Yəni ya bizdənsən, ya da düşməndən. Ona görə bu versiyalar belə qabarıq verilir. Amma obyektivlik naminə gerçəklik ortaya qoyulmalıdır. Gerçəklik isə bu idi ki, hər üç versiyanın öz çalarları var idi. Hər şeyə ağ, qara rəngi ilə baxmaq mümkün deyil. O, dövrü və siyasi gedişləri nəzərdə tutub Azərbaycanın müstəqilliyə gedən yolunu təyin eləmək lazımdır. Onda bu obyektiv olar. Mənim deyəcəklərim bəlkə də, bir az fərqlidir. Amma mənim tədqiqat metodum belədir ki, həmişə çalışıram faktlara zaman, məkan daxilində baxa bilim və onlara düzgün qiymət verim. Mənim deyəcəklərimin maraqlı cəhəti də ordadır ki, həmin hadisələrin içində olmuşam.
Müqayisə üçün deyim ki, milli azadlıq hərəkatı haqqında Azərbaycanda çoxlu kitablar yazılıb. Bu kitabların bəziləri ilə də tanış olmuşam. Təsəvvür edin ki, bu hərəkatda iştirak edən insanların yazıları bir-birlərindən çox fərqlidir. Niyə? Çünki hərə öz iştirak elədiyi hadisələri qələmə alır. Görmədiyi, bilmədiyi, iştirak etmədiyi hadisələrdən heç nə yazmayıb. Ona görə bu kitabları oxuyanda adama elə gəlir ki, tam başqa hadisələrdən söhbət gedir. Bu da normaldır. Çünki bilmədiyini yazanda, gərək hadisələri uydurasan.
Azərbaycan milli azadlıq hərəkatının indiyə qədər sistemli şəkildə təhlili hələ olmayıb. Mən dəfələrlə bu hərəkatın rəhbərlərinə demişəm ki, gəlin yığışaq, bir elmi-praktik konfrans keçirək. Harada səhv eləmişik, harada düz eləmişik, harada uduzmuşuq, harada udmuşuq və s. fikirlər ətrafında fikir mübadiləsi aparaq, bu məsələləri təhlil edək. 20 il keçməsinə baxmayaraq, bir dəfə də olmayıb ki, hərəkatın liderlərinin iştirakı ilə biz hər hansı elmi-praktik toplantı keçirək. Ona görə ortaq fikir yoxdur. Mən sizin sualınıza geniş şəkildə cavab verirəm ki, bu versiyaların ortalıqda olmasının bir səbəbi də budur. Qeyd edim ki, hərəkatçıların fikirlərində müxtəliflik var. Buna görə, kənardan baxan adamda fikir müxtəlifliyi yaranır. Allah rəhmət eləsin, dünyasını dəyişən silahdaşlarımız da olub. Onlar bu gün yoxdur. Amma heç olmasa ortalıqda olanlar bu işi görməlidirlər.

Deyək ki, bu gün Xəlil Rza, Elçibəy, İsmayıl bəy yoxdur, Xudu Məmmədov yoxdur. Amma geridə qalanlar dediyim məsələləri eləməlidirlər ki, qələm insanlarının əlində tutarlı məlumatlar olsun. Təəssüf ki, bu mövqe hələ ortalıqda yoxdur.  Bu baxımdan tarixə ekskurs eləməyə ehtiyac var. Çünki azadlıq hərəkatı birdən-birə yaranmayıb. Bunun tarixi zəmini olub, illərlə formalaşa-formalaşa həmin ana gəlib çatılıb. Yəni 1991-ci ilə qədərki dövrü bir balaca şərh eləmək istəyirəm. Ümumiyyətlə, Azərbaycan xalqı azad yaşamaq üçün həmişə mücadilə verib. “Türkmənçay” müqaviləsindən sonra bu xalq ikiyə bölünüb. Bir xalqın ikiyə bölünməsi ziyalılarımızın, xalqımızın sinəsində çox ağır yük kimi illərlə alovlanıb. Bu bizim yazıçıların qələmində də həmişə əks olunub.
Süleyman Rüstəm kimi bir kommunist şairi Təbrizlə bağlı çox gözəl şeirlər yazıb. İndiyə qədər bu mövzuda onun kimi güclü əsər yazan olmayıb. Siyasi əqidəsindən aslı olmayaraq, bizim xalqımız bunu heç cür həzm edə bilmirdi. Partiyaya, siyasi təşkilata üzv olmağın əsas məsələyə dəxli yox idi. Bu xalqımızın etnik özəlliyi idi. Xalq istəyirdi ki, azad olsun, nə İranın, nə də Rusiyanın əlaltısı olsun. Son iki yüz ilin əsas aparıcı xətti bu olub. Bu xəttin fonunda təkcə Şimal, Cənub bölünməsi deyil, Dağıstanda da bizim soydaşlarımız var ki, onlar yeni xəritə cızılanda Rusiya tərəfdə qaldılar.
Təsəvvür edin 1935-ci ilə qədər Dağıstanın Konstitusiyasında dövlət dili Türk dili idi. Amma bu gün Dərbənddə 5-6 nəfər olar ki, bu dildə danışsın. Yəni bizim böyük bir Dərbənd problemimiz var. Bundan savayı, bizim Borçalı problemimiz var ki, orada yarım milyondan çox soydaşımız öz milli dəyərlərini tam yaşada bilmir. Çünki onlar tamam ayrı bir millətin, dövlətin içində yaşayırlar. Bu tərəfə baxanda əslində Ermənistan adlı dövlət olmayıb. Sadəcə, Rusiya buraları işğal edəndən sonra onlara bir dövlət qurdu. Bu dövlət bizim torpaqlarımızda quruldu. Zaman-zaman orada yaşayan azərbaycanlıları deportasiya elədilər. 250 mindən çox Azərbaycan türkünü oradan qovdular, etnik təmizləmə apardılar. Ahıska türkləri də sürgünə məruz qaldılar. Mən bir türkoloq kimi bütün bunları öz dərdim hesab edirəm.
Yenə bildirim ki, Güney Azərbaycan kimi böyük bir problemimiz var. Orada 30-35 milyonluq soydaşımız öz dilində təhsil ala bilmir. XXI əsrdə bundan dəhşətli bir hadisə ola bilməz. Bu təbii ki, bizi ağrıdır. Biz bu ağrıları yaşaya-yaşaya bura kimi gəlmişik. Biz o zaman da bu problemləri görürdük və istəyirdik ki, millətimiz azad olsun.
Ötən əsrin 60-cı illərində Azərbaycanda bir oyanış oldu. Bu, öncə ədəbiyyatda özünü göstərdi. Yəni sovet hökumətinin qanlı-qadalı günlərində Azərbaycanın yazıçı, şairləri milli ruhda yazmağa başlamışdılar. Bunlar hamısı inqilabın başlaması üçün gözləntilər idi. Bu gözləntilər sonda inqilaba gətirib çıxaracaqdı. Bizim həm də 1918-20-ci illərdə bir müstəqil dövlətimiz olub. Bu dövlət Şərqdə ilk müstəqil demokratik dövlət idi. O zaman bizim çox böyük ziyalılarımız olub. Mən səmimi deyirəm, o, ziyalılarımızın elmi yazılarına baxanda bu günkü alimlərimizə yazığım gəlir. Çünki, onlar irəli getməkdən, inkişaf etməkdən, hətta bu səviyyəyə gəlib çatmayıblar. Məhəmmədəmin bəyin yazılarına baxırsan, görürsən ki, indiki alimlərimiz o səviyyədə kitab yaza bilmirlər. Topçubaşov, Əhməd bəy Ağayev və digərləri millətin qaymaqları idilər.
Bir müddətdən sonra, 60-cı illərdə yenidən bu oyanış başlamışdı. O zaman biz təbələ idik və deyim ki, bu oyanış bizi oyatmışdı. Xəlil Rza, Elçibəy və bu kimi insanlar elmlə məşğul idilər. Xudu Məmmədov Azərbaycanın ən böyük ziyalılarından biri idi. Mənim üçün Azərbaycan türkünün ziyalı etalonu Xudu Məmmədovdur. Bundan başqa mən etalon görmürəm. O nə mənə, nə də Elçibəyə dərs demişdi. Amma biz onu özümüzə ustad sayırdıq.

Demək istəyirəm ki, 60-cı illərdə bizim müəllimlərimiz milli ruhu inkişaf etdirirdilər. Mən daha sonra türkçülüklə, Elçibəy isə siyasətlə məşğul oldu. Biz dostluğumuzu onsuz da edirdik. 70-ci ilin ortalarında mən əsgərliyə getdim, Elçibəyi də tutdular. Əsgərlikdən qayıdandan sonra Elçibəy azadlığa çıxmışdı və biz yenə də görüşürdük. 80-ci illərdə Qorbaçov dönəmində sovet imperiyasında bir az yumşalma getdi. Yenidənqurma dönəmində azadlıq istəyənlərə sanki  hava buraxıldı. Artıq azadlıq havasını udmaq üçün şərait yaradılmışdı. Qorbaçov sovet imperiyasında bir az demokratikləşmə aparmaq istəyirdi. Görünür respublika rəhbərliyi tərəfindən tapşırılmışdı ki, azad fikirli insanlara şərait yaradılsın. O dönəmdə çoxlu dissidentlər ortaya çıxdı. Xüsusi ilə Baltikyanı ölkələr daha qabaqda idi. Çünki bu ölkələr sovet imperiyasına sonradan qatılmışdılar. Onlardakı yaşlı nəsil müstəqillik hissini yaşamışdılar.
Bizdə o zaman bir-iki nəsil dəyişmişdi. Bu baxımdan onlar rus imperiyasına qarşı çıxmağa başladılar. Hansı ki, SSRİ-yə deputat seçilirdi, onların arasında vaxtı ilə dissident olmuşlar da var idilər. Onlar içəridən imperiyanı çökdürürdülər. İmperiyanın daxildən parçalanması əyalətlərdə də özünü göstərirdi. Bizdə də həmin dönəmdə xalq hərəkatı formalaşmağa başladı. 1986-cı ildə Elçibəy ilə bizim evdə oturub qərara gəldik ki, gizli “Varlıq” təşkilatı yaradaq. Gecə səhərə qədər onu müzakirə elədik. Ertəsi gün isə onun təxmini Nizamnaməsini müəyyənləşdirdik və dedik ki, bunu heç kimə yaymayaq. Formalaşma yolunu belə seçdik ki, 3-5 adamı Elçibəy özünə qoşsun, 3-5 adamı da mən və bir də İsmayıl bəy. Hər qoşulan adama imkan verməliydik ki, o da özünə bir neçə adam qoşsun. Yəni mənim qoşduğum adamı onlar tanımayacaq, onların qoşduğu adamı mənim adamlarım tanımayacaq. Səbəb də bu idi ki, “KQB” birini tutsa, o biri qrup tutulmasın. Beləcə biz İdarə Heyətini 11-12 nəfərə gətirib çıxardıq. Bura Xəlil Rza, Tağı Xalisbəyli, Sabir Rüstəmxanlı, Məhəmməd Hatəmi, Bəhmən Sultanlı, Vurğun Əyyub və digərləri daxil oldular. Biz həmişə yığışıb qərarlar qəbul edirdik. Bakıda da ilk mitinqləri həmin “Varlıq” təşkilatı keçirib. Daha sonra Vurğunla Hatəmi “Çənlibel” təşkilatını yaratdılar. Bu artıq leqal təşkilat idi. O, yaranandan sonra bizim işimiz bir az yüngülləşdi. Biz başladıq kənardan ağsaqqallıq eləməyə, əsas iş qaldı gənclərin üzərində. Bu ərəfədə bir sıra təşkilatlar yarandı. Universitetlərdə təbələr “Yurd” təşkilatı yaratdılar. Bundan başqa, Bakıda “Xətai” təşkilatı yaranmışdı. Bu təşkilatlar da milli azadlıq hərəkatının ocaqları idi. 1988-ci ildə artıq ermənilər Qorbaçovun razılığı ilə Qarabağda hərəkata başladılar. Ayrılıb İrəvanla birləşmək istətirdilər. Onda hakimiyyətdə Kamran Bağırov idi. O çox təmiz adam idi. Amma onun böyük siyasətdən xəbəri yox idi. Hazırlıqsız yaxalandı və hətta, Xankəndinə gedəndə mühasirəyə alıb onu girov saxlamışdılar. Təbii ki, Moskvanın təsiri ilə ermənilər Dağlıq Qarabağ problemini qaldıranda bizdə artıq milli azadlıq hərəkatı başladı. Öncə Qarabağı müdafiə, sonra şüarlar dəyişdi oldu müstəqillik şüarı.
Biz düşünürdük ki, neçə ki biz Rusiyadan ayrılmamışıq, torpaqlarımız verilə-verilə gedəcək. Biz bu tarixi yaşadığımıza görə, müstəqillik şüarlarını önə gətirdik. Vəzirovun dönəminə gəlib çıxdıq. Vəzirov da insafən demokratik adam idi. Amma 20 il idi o, Azərbaycanda olmamışdı. O, başqa ölkələrdə Rusiya səfiri işləmişdi. Gətirib onu saldılar “qaynar qazan”a. O, özü də bu “qazan”da yandı və 20 Yanvar hadisələri oldu. Bu hadisə onun bacarıqsızlığının nəticəsi oldu. İlk günlər mitinqlər başlayanda Moskva bir-iki dənə təxribat təşkil eləmişdi. Moskva bu məsələni qızışdırmaqdan ötrü Sumqayıt hadisələrini törətdi. Onlar bunu bütün dünyada car etdilər ki, Azərbaycanda erməniləri qırırlar. Buna bir bəhanə lazım idi ki, dünya ictimaiyyətinə mesaj verilsin. Onlar bu bəhanə ilə Qarabağdakı hadisələri daha da qızışdırdılar. Bununla da İrəvandan yerli azərbaycanlılar qovuldular.
1988-90-cı illərdə deportasiyalar oldu. İnsanların mal-mülkləri orada qaldı. Çox maraqlıdır ki, Bakıdan gedən ermənilər buradakı evlərini sata bilirdilər. Amma bizimkilərdə bu şans olmadı. Həmin illərdə biz çox böyük faciə yaşayası olduq. Biz “Varlıq” təşkilatını yaradanda mən də, Elçibəy də siyasi təşkilatlanmanı o qədər də yaxşı bilmirdik.
Çünki alim olmaq heç də siyasətçi demək deyildi. Amma İsmayıl bəy siyasətçi idi. O, Pişəvərinin əsgərlərindən idi. Təşkilatlanmada o, bizə çox kömək eləmişdi. “Varlıq”ın adını da o qoymuşdu. İndi bu təşkilatın adından çox adam danışır. Çoxlarını mən tanımıram. Bəlkə də, ola bilsin ki, bunlar o biri qrupdan olan adamlardır. Amma təşkilatın yaranmasından heç kim danışa bilməz. Təşkilat yaranandan sonra Pənah Hüseyn, İsa Qəmbər də bizə gəlirdilər. Bundan sonra Xalq Cəbhəsi yarandı. Cəbhənin yaranmasında mən iştirak etməmişəm. Durum deyim cəbhə belə yarandı, kimlər yaratdı, bunlar hamısı təxmini olacaq. Mən bunun yaranmasında iştirak etməmişəm.

– Özünüz iştirak etmədiniz, yoxsa?

– Onun səbəbləri var idi. Çünki, 17-18 gün mitinq olanda mən nümayiş komitəsinə rəhbərlik edirdim. Qeyri-formal bir vəzifə mənə vermişdilər. Mitinqləri tapşırmışdıq Sabir Rüstəmxanlıya. Hərdən Elçibəy də gəlib nəzarət edirdi. Bu mitinqlərin gedişində mən onlardan ayrıldım. Bəziləri deyirdi ki, biz bu meydandan çıxmalıyıq ki, rus ordusu bəhanə edib bura gəlməsin. Bəziləri meydandakı qüvvələri itirməməyi istəyirdilər. 5-6 gün meydanda qalıb hökumətə öz şərtimizi qoyub meydandan qələbə ilə çıxacaqdıq. Hökumətə vaxt qoyulmuşduq ki, bu vaxt ərzində bizim şərtimiz yerinə yetirilməsə, biz yenidən meydanlara qayıdacaqdıq. Digər qrup isə deyirdi ki, biz meydanda qalmalıyıq, ordu bizi gəlib qırmalıdır. Meydanda qan axmalıdır ki, insanlarda sovet hökumətinə qarşı nifrət yaransın. Belə fikir ayrılıqları var idi. Mən birinci fikrin tərəfdarı idim. Öncə nümayiş komitəsi üzvlərinin əksəriyyəti mən deyən fikirlə razı idilər. Sonra elə oldu ki, Nemət də, Elçibəy də digər fikirə keçdilər. Bunun nəticəsi də mən deyən kimi oldu. İnsanların sayı azaldı və son gündə də ordu onları vurub çıxardı. Bakıda komendant saatı qoyuldu. Düz bir il biz o komendant saatının əziyyətini çəkdik. Artıq bizim küçəyə çıxmaq imkanımızı əlimizdən aldılar. Sonra hadisələr göstərdi ki, bizim planımız daha düzgün
Əvvəlcə Elçibəy, Sabir, Nemət və demək olar ki, hamısı bu fikirdə idilər. O zaman meydana ancaq bizim çıxardığımız adamlar gəlmirdilər. Ora istəkləri müxtəlif olan insanlar gəlirdilər. Orada hakimiyyəti devirmək istəyən qüvvələr var idi, Heydər Əliyevi dəstəkləyən qüvvələr də var idi. Mitinqlərdə hökumətin də bir marağı var idi ki, meydana kömək edənlərin siyahısını tutub repressiya edə bilsinlər.
Qeyd edim ki, meydan hadisələrindən sonra 4 rektor işdən azad olundu. Prokurorluqdan və digər orqanlardan çoxsaylı insan işdən çıxarıldı. Hökumət öz işini gördü orada. Burada Moskvanın da marağı var idi. Biz bunu sonradan başa düşdük. Moskva da camaatı yığıb orada 10-15 güm başını qatırdı ki, Ermənistandan Azərbaycan türklərinin deportasiyasını başa çatdırsın. Bizim başımız burda qarışdı, onlar da öz işlərini gördülər. Orada müxtəlif maraq dairələri üst-üstə düşürdü. Amma o meydana gələn xalqın əksəriyyəti təmiz ürəklə gəlirdi. İndi gələk 1991-ci ilə, Müstəqillik Aktının qəbuluna. 91-ci ilin martında referendum keçirilirdi ki, SSRİ qalsın və yaxud qalmasın. Bu referendumun məntiqi bu idi ki, sovet hökuməti qalsın, bizdə onun tərkibində qalaq. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, biz müstəqil olaq. Bəlkə rəqəmlərdə səhv edə bilərəm 350 deputat idi. Bu deputatların əksəriyyəti Kommunist Partiyasının liderləri idi. Biz 25 nəfər də xalqın köməyi ilə gedib ora düşmüşdük. 25 nəfər 350 adama nə edə bilərdi? Biz öz təbliğatımızı apardıq və martın 7-də, səsvermə günündə bizə 20-dən artıq adam qoşuldu. Vahid Əhmədov, Yılmaz Axundzadə kimi ziyalılar da bizə qoşuldular. Səsvermədə 43 deputat SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verdi. Həmin 43 deputatın taleyi ilə maraqlansanız, çox maraqlı hadisələr ortaya çıxa bilər. O vaxt Heydər Əliyev də SSR-nin saxlanmasına qarşı çıxdı. Onların çoxu dünyasını dəyişib. Allah onlara rəhmət eləsin. Bəziləri mühacir həyatı yaşayır.

– Kimlərdir mühacir həyatı yaşayanlar?

– Tofiq Qasımov və başqası da var idi. Bu məsələləri Hacıbaba Əzimov daha yaxşı bilir. 1991-ci ilin avqust ayında biz bir bəyannamə qəbul elədik. Bu SSRİ respublikaları arasında ilk dəfə Azərbaycanda oldu. Biz ilk dəfə parlamentə Azərbaycanın müstəqilliyi haqqında bəyannamə verdik. Bütün SSRİ dəhşətə gəlmişdi, hətta Baltik ölkələri deyirdilər ki, siz neynəmisiniz. Bir də 1991-ci ilin 18 oktyabrda Müstəqillik Aktı qəbul olundu. Müstəqillik Aktında da başımız çox bəlalar çəkdi. Deputatları razı salana qədər çox əziyyətlər çəkdik. Amma qəbul olundu və deputatların əksəriyyəti səs verdi. Biz sabahısı gün Azadlıq meydanında mitinq təyin elədik. Ən maraqlısı o idi ki, bu mitinqdə “Demblok”, “Komblok” söhbəti olmadı. Hamı gəlmişdi. İqtidar nümayəndələri də gəlmişdilər. Biz ümumxalq mitinqi keçirdik. Orada xalqa bəyan elədik ki, artıq müstəqil dövlətik. Biz müstəqilliyimizi belə qazanmışıq.

– Firudin bəy, martda keçirilən referendumda SSRİ-nin qalmasına qarşı çıxdığınız zaman sizə qarşı hansısa təzyiqlər oldumu?

– Sözün açığı bizim arxamızda xalq var idi. Düzdür, “KQB” bizi izləyirdi. Yeri gələndə bizi şantaj da edirdilər. Hətta o zaman xeyli adam tutuldu. Amma deyim ki, biz sanki kəfən geyinmişdik. İndi təsəvvür edin, Azərbaycana müstəqillik qazandırmış adamlara heç pensiya da vermirlər.

Anar RÜSTƏMOV

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir