Posted on

Firudin Ağasıoğlu örnəyi

Azərbaycan tarixşünaslığının və türkologiyanın mühüm simalarından olan Firudin Ağasıoğlu uzun illər boyu apardığı tədqiqatlar, gəldiyi elmi nəticələr, yeni tarix konsepsiyası irəli sürməsi baxımından örnək təşkil edən aydınlarımızdandır. İslamaqədərki Azərbaycan tarixinin mütəxəssisi olan dəyərli aydınımızın həm filoloji araşdırmaları, həmçinin tarix elmində müxtəlif yanaşmalardan istifadə edərək tarixşünaslığımıza verdiyi töhfələr bu gün ölçüyəgəlməz dərəcədə qiymətlidir.

Dəyərli alimimizlə ilk dəfə Günaz TV-nin Bakı ofisində görüşmüşəm. Axşamaüstü idi. Güney Azərbaycan türklərinə əski tariximizlə bağlı bilgilər verir, onların canlı telefon bağlantıları zamanı verdikləri suallara açıqlıq gətirərək onların aydınlanmasına çalışırdı. Həmin günw çox xoş təəssüratla ba.a vurdum. Sevindim ki, zaman və şəraitdən asılı olmayaraq bu xalqı hər biri öz sahəsində irəli apara biləcək aydınlarımız vardır.

Firudin bəy 1947-ci ilin Xızır günündə-mayın 6-da Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. ADU-da filologiya ixtisasına yiyələndikdən sonra 1972-1994-cü illərdə filologiya fakultəsinin Azərbaycan dilçiliyi kafedrasında müxtəlif vəzifələrdə çalışır, 1978-ci ildə mürəkkəb cümlə sintaksisi mövzusunda namizədlik, 1989-cu ildə morfonologiya mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

Firudin bəy 1986-cı ildən gizli fəaliyət göstərən, 1988-ci il nümayişlərini təşkil edən “Varlıq” təşkilatının qurucusu, “Çənlibel” təşkilatı tədbirlərinin iştirakçısı, “Dirçəliş günü” kimi tarixə düşən 17 noyabr-4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri, “Qarabağa Xalq Yardımı komitəsi”nin qurucularından biri və respublikada ilk demokratik ruhlu “Azərbaycan” qəzetinin redaksiya heyətinin üzvü, “Dövlət Əlifba komissiyası”nın (1990) rəhbəri, 1990-da millət vəkili və Milli Məclisdə “Elm, təhsil və mədəniyət komissiyası”nın sədri olub. 1991-ci ildə Azərbaycanın müstəqillik aktına imza atan 43 deputatdan biri olub. 1995-ci ildə millət vəkilliyi müddəti bitdikdən sonra, universitetdəki müəllimlik fəaliyyətindən uzaqlaşdırılır. Həmin vaxtdan indiyədək rəsmi heç bir yerdə çalışmasına şərait yaradılmır.

Yeni tarix konsepsiyası: Altay teorisinə qarşı Urmu teorisi

Türklərin ata yurdunun Altay dağları ətrafı olduğunu, indiki yaşadıqları ərazilərə köçəri formada gəldiklərini irəli sürən türkologiyadakı ənənəvi Altay teorisi məhz Firudin bəyin tədqiqatları əsasında köklü surətdə sarsıldı. Altay dil teorisinə görə türk, monqol və tunqus dilləri proto-altay adlanan ortaq bir ata dildən yaranıb, türklər hazırda yaşadıqları ərazilərə Altay dağları ətəyindən gəliblər. Guya Azərbaycanın yerli əhalisi də məhz buraya gələn türklərlə qaynayıb-qarışdıqdan sonra öz fars və ya qafqazdilli kimliklərini itiriblər. Sovetlər dönəmində bu teorinin Azərbaycanda israrlı dəstəkçisi milliyətcə türk olmayan İqrar Əliyev, İranda isə öz kimliyini itirmiş Əhməd Kəsrəvi idi. Qeyd etdiyimiz kimi, nəhayət öz milliyətçi kimliyi ilə millətimizə örnək olan aydınlarımızın sayəsində yeni Urmu teorisinin irəli sürülməsi sonucunda bir çox gerçəkliklər aşkar olundu. Məhz başda Ağasıoğlunun məqalələri və kitabları bu həqiqətlərə işıq saldı. Altay teorisini inkar edərkən dəyərli tədqiqatçımız səbəbini belə açıqlayır: “Türklərin böyük bir hissəsi Qafqaz dağlarını aşıb, indiki Dağıstandan şimala qalxıblar. Bir hissəsi isə Azərbaycan, Orta Asiya üzərindən keçərək Altaya qədər gedib çıxıb. Nəzəriyyəni belə quranda hər şey öz yerini tutur. O ki deyirlər, Azərbaycana Ön Asiya türkləri gəlib; əslində onlar gəlmələr deyil, bu, onların qayıtmalarıdır. E.ə. 4-cü minillikdə buradan gedənlər, orada monqollarla, eləcə də digər etnoslarla qaynayıb-qarışıblar. Təbiidir ki, gəlmək ayrı, geri qayıtmaq ayrı məsələdir. Ən böyük nöqsan odur ki, türklərin qayıtmalarını ilk gəlmə kimi qələmə veriblər. Bütün bunları çözüb aydınlaşdıranda mənzərə çox aydınlaşır, müəyyən bir dəqiq qənaət hasil olur. Bu mənada Altay nəzəriyyəsini qəti şəkildə rədd etdim. Bu, təkcə mənim fikrim deyil. Tanınmış dilçilərin çoxu artıq Altay nəzəriyyəsinə şübhə ilə baxırlar. Hətta açıq yazırlar ki, bu nəzəriyyə özünü doğrultmadı. Sübut olunmamış bir nəzəriyyə ilə baş alıb getmədim.”

Firudin bəyin üç kitabını oxumuşam: Quti bəyliyinin 4200 illiyinə həsr etdiyi “Azər xalqı”, Həzrəti İbrahim dönəminə aid olan hadisələrin dəqiq təsvirini verən “Tanrı elçisi İbrahim” və “Saqa-qamər türk boyları” kitabları. Hazırda Firudin Ağasıoğlunun “Doqquz bitik” adlanan, bütövlükdə Urmu teorisini isbatlayan kitabları imkansızlıq ucbatından hələ ki çap oluna bilinmir.

“Azər xalqı” kitabında bu günkü Azərbaycan türklərinin etnogenezisində önəmli rol oynamış boylar (az, azər, xəzər, türk, kuman, qaşqay, gögər, şadılı, zəngi) barədə, eyni zamanda dilçiliklə bağlı araşdırmalar, xalqın qədim inanclarını özündə əks etdirən inanc və tapınaqlar haqqında maraqlı bilgilər verilir.

Firudin bəyin təqdir etdiyim ən üstün cəhətləri yorulmazlığı, gənclərlə işləməyə maraqlı olması, sosial şəbəkələrdə aktiv olmasıdır. İstənilən elm yolçusu asanlıqla onunla münasibət qura bilər, onun qapısını ürəklə döyə bilər. İslamaqədərki Azərbaycan tarixinin dəyərli tədqiqatçısı olan Firudin Ağasıoğlu bu gün Azərbaycan gəncliyinə örnək olacaq aydınlardandır. Müsahibələrinin birində dediyi bu fikirləri hər bir tədqiqatçı örnək kimi götürməlidir: “Bizim hər şeyimizi əlimizdən alsalar da, çörəklə imtahana çəksələr də, qələmimizi ala bilməzlər. O qələm işləyir, artıq cild-cild kitablar yazılıb”.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir