Posted on

“Etrusk əlifbası ilə qədim türk əlifbası eynidir”

Elə xalqlar, elə dillər, elə mədəniyyətlər var ki, tarix səhnəsində öz rolunu oynadıqdan sonra yoxa çıxır. Tarixdə onlar haqda yalnız quruca xatirə qalır. “Ölü xalqlar”, “ölü dillər”, “ölü mədəniyyətlər” barəsində elmdə çoxlu faktlar, məlumatlar var. Biz eramızdan əvvəl bu dünyada mövcud olan bir çox xalqların tarixilə tanışıq. Onların möhtəşəm mədəniyyəti, dili, həyat tərzi nəinki tədqiqatçıların, hətta sadə insanların da marağını çəkir. Etrusklar, elamlar, hetlər, şumerlər, urartular və digər xalqların hazırda olmadığı bildirilir. Lakin o xalqların özləri məhv olsa da dilləri, əlifbaları, tarixləri yaşayır. Etrusklar da bu qəbildəndir.
Tanınmış Azərbaycan alimi, türkoloq-dilçi, professor Firudin Ağasıoğlunun (Cəlilov) türk qövmünə mənsub olan qədim xalqlar haqda çoxlu sayda apaşdırmaları, məqalələri, kitabları var. Bu nəşrlərin hər biri həm türkologiya, həm də mətnşünaslıq elmi üçün dəyərlidir.
Bir neçə həftə əvvəl Firudin Ağasıoğlunun “Etrusk türk bağı” kitabı işıq üzü gördü. Kitab elmi ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qarşılandı. Bəzi tədqiqatçılar bu nəşrin etruskologiya elminin Azərbaycanda geniş şəkildə öyrənilməsi üçün hava-su kimi vacib olduğunu deyir.  Firudin Ağasıoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tədqiq etdiyi sahə hazırda dünya alimlərinin ən çox müraciət etdiyi məsələdir. Professorun sözlərinə görə, “Etrusk türk bağı” kitabı onun uzun illərdən bəri apardığı gərgin tədqiqat işinin bəhrəsidir: “Bu kitabda milladdan əvvəlki (eramızdan əvvəl) tarixlə bağlı məsələlər araşdırılıb. Elə qədim xalqlar olub ki, onların dili ölüb, amma özləri hazırda da mövcuddur. Şumerlər, elamlar, hurilər və başqalarının dili “ölü dil” sayılır. Etrusklar da bu sıradadır. Məsələ burasındadır ki, “ölü dillər”in çoxunun şifrəsi tapılıb, onlar oxunur. Bu dillərdən fərqli olaraq, etrusk dilini, o dövrdən qalan mətnləri tam şəkildə oxumaq mümkün deyil. Baxmayaraq ki, etrosk dilindən 10 minə qədər söz qalıb. 2 min ildən yuxarıdır ki, bu dil araşdırılır. Amma hələ də o yazıların sirrini bilmək mümkünsüzdür. Bu dilin araşdırılması bir neçə əsrdir ki, həyata keçirilir. Ancaq etrusk dili açılmır ki, açılmır. Onu da bildirim ki, etrusk dililə Orhon-Yenisey əlifbası arasında sıx doğmalıq var. Onların köməyilə xeyli sayda söz, neçə mətn oxunub. Etrusk dili uzun illərdən bəri araşdırılır, alimlər belə qənaətə gəlib ki, bu dil bir neçə dilin qarışığından ibarətdir. Bu dilin yaranması barədə maraqlı fikirlər var. Məlumatlara görə, üç min il bundan əvvəl hansısa bir türk boyu İtaliyaya köçüb və yerli tayfalarala qaynayıb qarışıb. Onlar, eyni zamanda da ora öz dilini, mədəniyyətini, əlifbasını aparıb. İtaliyaya gedən türk tayfası sadə adamlar olmayıb, onlar elit təbəqəni təmsil edib. Etrosk mətnlərində türkcə olan sözlər tərcümə edilib, o biri dillərdə olanlar isə hələ də açılmayıb”. F.Ağasıoğlunun bildirdiyinə görə, etrusk kültürü-mədəniyyəti haqqında alimlərin əlində sanballı məlumatlar var. Alimin dediyinə görə, müxtəlif arxeoloji qazıntılar zamanı bu xalqın tarixilə bağlı xeyli materiallar üzə çıxarılıb: “Baxmayaraq ki, bu nümunələr qiymətli bir tapıntı kimi dünya muzeylərinin bəzəyinə çevrilib, amma hələ də bu dilin açarı tam olaraq tapılmayıb. Mənim kitabında türk dililə etrusk dili arasında bağ olduğu müəyyən edilib. Qeyd etdiyim kimi, etrusk əlifbası ilə qədim türk əlifbası (Orhon-Yenisey) eynidir. Bu məsələni dərindən araşdırmağa çalışdım və xeyli söz, mətn oxuya bildim. Əmin oldum ki, etrusk dili həqiqətən də qarışıq dillərdən ibarətdir. Biz öz dilimizdə olan sözləri oxusaq da, yerli tayfaların dilində olan sözləri oxuya bilmirik. Mənim kitabımın əsas özəlliyi ondan ibarətdir ki, burada ilk dəfə türk mətnləri oxunub. İndiyə qədər bir çox alimlər etrusklarla türklərin əlaqəsi olduğu barədə yazıb. Hətta 10-15 dənə türkcə söz də tapmışdılar. Bu araşdırmanı türk alimləri də aparıb, Avropa alimləri də. İtaliya, Almaniya alimləri mətnləri oxuya bilmirdi. Çünki mətni bilmək üçün qrammatikanı, o dövrün dil qayda-qanunlarını bilmək tələb olunurdu. Mən Orhon-Yenisey əlifasının imla qaydaları ilə mətnlərə yanaşdım və mətn oxundu. Bu mənada “Etrusk türk bağı” kitabı elmi ictimaiyyət tərəfindən çox böyük maraqla qarşılanıb. Artıq bu sahədə ciddi elmi araşdırmalar aparılacaq. Çünki artıq bu sahədə böyük bir cığır açılıb”.  Etrusk dili tarixinin araşdırılmasının diqqət çəkən müsbət cəhətlərindən birinin də türk dilinin daha qədim tarixə malik olmasını sübut etmək olduğunu deyən F.Ağasıoğlu türk dilinin bir sıra qollarının olduğunu bildirdi. Etrusk dilinin tədrisinə gəlincə, professor Ağasıoğlu dedi ki, bir çox xarici ölkə ali məktəblərində bu dil, az da olsa öyrədilir. Amma o tam açılmadığına görə geniş şəkildə tədris edilmir. Azərbaycanda etruskologiya elmilə öncələr Çingiz Qaraşarlının məşğul olduğunu deyən F.Ağasıoğlunun sözlərinə görə, onun maraqlı müşahidələri var, bir neçə sözü tapıb oxuyub, mənasını açıb: “Bu məsələ ilə başqaları da məşğul olur. Amma həvəskar səviyyədə. Onlar dilçilik qaydalarını bilmir. Türkiyə alimlərindən Kazım Mişan 30-40 ildir ki, etruskologiya ilə məşğul olur. Mərhum Adilə Aydanın bu sahədə bir neçə kitabı var. Amma o, mətn oxuya bilməyib”. Bu mövzu ilə son vaxtlar Rusiya, İtaliya, Avstriya alimlərinin daha çox məşğul olduğunu deyən alimin sözlərinə görə, etruskologiya son illərin ən dəbdə olan mövzusudur. “Etrusk türk bağı” kitabının başqa dillərə tərcümə edilməsinin vacib olduğunu deyən müəllifin sözlərinə görə, bu ancaq etruskologiya elminin xeyrinə olar: “Mən öz boynuma düşəni etmişəm. Onun başqa dillərə çevrilib yayılması artıq mənim problemim deyil”. Kitabın məhdud tirajla çap olunduğunu qeyd edən Firudin Ağasıoğlunun sözlərinə görə, nəşrin satışı nəzərdə tutulmayıb. Biz xalqımızın izini tarixin alt qatlarında, qaranlıqlarında axtarıb üzə çıxaran Azərbaycanın böyük alimi Firudin Ağasıoğluna yaradıcılıq uğurları arzulayırıq. Ondan yeni tədqiqat əsərləri gözləyirik. Həqiqətən də elm aləminin onun fundamental tədqiqatlarına böyük ehtiyacı var. Düşünürük ki, Firudin Ağasıoğlu bizləri çox da gözlətməyəcək. “Etrusk türk bağı”nın ardını yazacaq, yaxud başqa bir türk boyunun tarixini qələmə alıb bizə təqdim edəcək.
İradə Sarıyeva, “Bakı xəbər”  
Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir