Posted on

“Bütün sahələrdə geridə, təhsildə irəlidə idik…”

Firudin Cəlilov: “Mən azadlığımı hər şeydən üstün tuturam”

“Evdar qadınların aldığı qədər pensiya alıram”

Faina Hənifəyeva: Amma təcrübə göstərir ki, bu, düzgün addım idi. Nazirliyin bölünməsi niyə doğru qərar deyildi ki?..
Firudin Cəlilov: Qətiyyən. Sovet dövründə 3 nazirlik var idi. Məndən əvvəl fərman o verilmişdi ki, birləşsin. Lakin reallıqda birləşməmişdi. Daha sonra bu nazirlikləri “Xalq Təhsili Nazirliyi” adında birləşdirdilər. Çox cətinliklə başa gəldi. Yeni struktur yaratdıq. Kiçik bir ölkədə bir sahə üzrə bir nazirlik olar. Amerikada Təhsil Nazirliyinin 20 nəfər işçisi var. Bizdə də bir nazirliyi parçalamaq heç düzgün addım olmadı. Yüz nazirliklə iş alınmır. Nəsə yeni struktur başlamışdı fəaliyyətə, iki yerə böldülər. Təhsil sistemi bununla iflic oldu. Təhsil gərək, bir nəfərin əlində olsun.

Elçin Əlibəyli: Bəs müavinlərinizlə münasibətləriniz necə idi?
Firudin Cəlilov: Müavinlərimlə aram yaxşı idi, çünki çoxunu özüm seçmişdim. Məsələn, Ədalət Tahirzadə bir ildə 70 cür dərslik hazırladı. Bu heç də asan bir iş deyildi. Çünki ən azından heç ölkə nəşriyyatlarının buna gücü çatmırdı. Ədalət məcbur olub onları Rusiyada çap elətdirdi.
Aynur Camalqızı: Bəs bu dərsliklərin səviyyəsi necə idi? Keyfiyyət baxımından qaneedici idimi?
Firudin Cəlilov: Qaneedici deyildi, amma köhnə sistemi dağıtmışdıq, yenisi yaranırdı. Onlar cilalanıb  işlənməliydi. Təbii ki, əgər bir ilə 70 dərslik ortaya çıxırsa, burada istisnasız qüsurlar olmalıdır. Amma  biz sistemi dəyişə bildik. Demək istəyirəm ki, bax, müavinlərim belə işləyirdi. Mən gecə saat 2-3-də evə gedirdim. Müavinləri isə gecə saat 12-də evə göndərirdim.

Elçin Əlibəyli: Bölünmə ideyası kimin idi?
Firudin Cəlilov: Onu mən bilmirəm…

Elçin Əlibəyli: Mən bildiyimə görə, bu hadisə Pənah Hüseyn baş nazir olduqdan sonra baş verdi…
Firudin Cəlilov: Bunu onlardan soruşun… (gülür)

Arzuları yarımçıq qalan reformator

Faina Hənifəyeva: Firudin bəy, sizcə, sizin yaratdığınız bu sistem düzgün istiqamətdə getdimi?
Firudin Cəlilov:  Bilirsiz, o vaxt üçün bu sistem postsovet ölkələrində bomba kimi partlamışdı. Məsələn, Baltikyanı ölkələrdə bu haqda maraqlanırdılar. Hətta Yeltsin o vaxt zəng edib Elçibəydən soruşmuşdu ki, bu, nə məsələdir, səsi buralara qədər gəlib çıxır. Hətta Dünya Bankının hər il yayılan statistikalarında biz bütün sahələr üzrə geridə idik, amma  təhsildə birinci yerdə idik. Mən o zaman gördüm ki, bu sistem postsovet ölkələrinə belə səs salıb. Hələ də bəzi ölkələr var ki, bu sistemə keçmək istəyir, amma  keçə bilmir.

Test üsulu ədaləti bərpa etmək üçündür. Amma testin də böyük qüsurları var. Test sistemini qəbul edərkən bizim fikrimizdə var idi ki, ikinci il bunu iki mərhələli etməliyik. Burada bəzi sualları elə tətbiq etməliyik ki, düşündürücü olsun. Amma indi tapmaca suallar qoyulur. Yanlış suallar tətbiq edirlər, hətta  bu sualların bəzilərinə müəllimlərin özləri belə cavab tapmaqda çətinlik çəkirlər. Yəni bu gün abituriyentlərə kömək lazımdır. Onlar elə yaş həddindədirlər ki, fiziki stress keçirirlər. İndiki suallar onları tutub küncə sıxmağa bərabərdir. Hər il istər Türkiyədə, istərsə burda nə qədər gənc bu səbəbdən intihar edir. Bunun üzərində düşünmək lazımdır. Mənin fikrimdə var idi ki, qəbul sistemini bir neçə ilə yoluna qoyduqdan sonra qəbul imtahanını ləğv edək. Bu, mənim son ideyam idi. Amma indi bu məsələyə elə ciddi yanaşırlar ki, bu baryeri aşmaq çətin görsənir. Məncə, insanlara azadlıq vermək lazımdır. Oxumaq istəyən buyursun, oxusun, oxuya bilsə, onsuz da qalacaq. Oxuya bilməyən isə məcbur olub özünə başqa peşə seçəcək. Bu psixologiyanı aşılamaq lazımdır. Hətta bunun üçün də vaxt lazım idi. Təəssüf ki, bunlar yarımçıq qaldı.

Aynur Camalqızı: Məncə, aradan 20 il keçməsinə baxmayaraq, hələ də bizdə bu psixologiya formalaşmayıb. Qapıları açıq qoysaq, necə olar?
Firudin Cəlilov: İndi bu, mümkün deyil, bu gün o ziyan olar. Çünki  fikirləşirdim ki, milli azadlıq hərəkatının iştirakçıları hakimiyyətə gəlir. Hakimiyyətləri ən azı 10 il davam edəcək. Bu müddətdə də insanlarda manqurtluq xəstəliyini çıxardacağıq. İnsanlarda vətən, dövlət ovqatı aşılayacağıq. Təəssüf ki, bunların heç biri baş vermədi. Bir ziyalının faciəsi ondan ibarətdir ki, ideyaları, arzuları gerçəkləşməyə başladığı o mühit yaranır və bir anda dağılır…

Faina Hənifəyeva: Nəsilbənəsil baxsaq, sizin bu sistemdən sonra yeni savadlı bir nəsil yaranmalı idi və onlar da bizim nəsil olmalı idi. Və düşünürəm ki, olduq da. Amma indi həmin sistem qalsa da, sanki yenidən savadsızlaşma gedir…
Firudin Cəlilov: Bunun səbəbi var. Mən söhbətimin əvvəlində də dedim ki, təhsil, elm millətin strateji sahəsidir.  O dövlətin gələcəyi parlaq olur ki, onlar vaxtında təhsilə, elmə investisiya qoyurlar. Təhsilə ayrılan investisiya kartof əkmək deyil ki, bu il əkəsən, sabah da bəhrəsini götürəsən. Ən azı 15 il sonra öz bəhrəsini verir. Amerika, Yaponiya kimi ölkələrin inkişafı bu prinsiplə baş verib. Mən çox təəssüf edirəm ki, bizim əziyyətimiz istədiyimiz kimi nəticə vermədi. Əslində bizim hesabımızla indi meydanda hədsiz savadlı, milli dəyərləri olan gəncliyimiz olmalı idi. İstədiyimiz kimi olmalı idi. Biz bunu edə bilmədik. Bunun da səbəbi bölgələrdə gedən geosiyasi hadisələr idi.

50-ci illərdə Stalinin güclü hakimiyyəti dövrü idi. Bizim  də dissidentlər yaranırdı. Çoxları onların adlarını bilmir. Məsələn, 150nəfərdən ibarət təşkilat var idi. Bunların qarşısındakı məqsəd o idi ki, heç nəyə gücünüz çatmasa da, elə etmək lazımdır ki, heç deyilsə, vəzifəyə gələn adamlar milli olsun. O illər bizim gənclik illərimiz idi. Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Nürəddin Rzayev  dördlüyü var idi. Bizi ora buraxmırdılar. Təbii ki, ayrı-ayrılıqda söhbət etdiyimiz günlər olurdu. Yaşımız elə idi ki, onları özümüzə müəllim hesab edirdik.

Demək istədiyim odur ki,  o nəsil yetişib 60-cı illərdə özünü göstərməyə başladır. Artıq ədəbiyyatda yeni qələmlər yarandı. 80-cillərin sonlarında Sovetin dağılmaq vaxtlarında elm adamları, ziyalılar üzə çıxacaqdı. O zaman da geosiyasi vəziyyət elə idi ki, böyük mədəni inqilablar etmək mümkün deyildi. Gücümüz ona çatdı ki, müasir dövlətimizi quraq. Mən də fəxr edirəm ki, müstəqillik aktının altında imzam var.

Elçin Əlibəyli: Amma “İstiqlal” ordeniniz yoxdur…
Firudin Cəlilov: “İstiqlal” ordenini Azərbaycanın müstəqilliyinin əleyhinə olmuş şəxslərə verirlər.

Faina Hənifəyeva: Firudin müəllim, sizin nəzəriyyənizi əsas tutsaq, 2012-ci ildə artıq yeni bir dalğa yaranıb…
Firudin Cəlilov:  Elədir ki, var. Bilmirəm, hiss edirsiz, ya yox, artıq o yeni nəsil yaranır.

Faina Hənifəyeva: Hiss edirik, amma  düşünürəm ki, bu gənclər bizim təhsilin yox, xarici ölkələrin təhsilinin yetirmələridir.
Firudin Cəlilov: Yox, xaricin çox az rolu var, bu, savadlı insanların genetik davamıdır. Hər 30 ildən bir belə istedadlı, savadlı insanlar gəlməlidir və bizdə də gəlir.  İndiki tələbələr 90-cı illərin universitet tələbələri deyil. Amma fərd olaraq yetişirlər. Mənə müəllim kimi işləməyə icazə verməsələr də, yanıma çox sayda gənclər gəlir.

Elçin Əlibəyli: Niyə icazə vermirlər?
Firudin Cəlilov: Bir rektora dedim ki, mənə dərs saatı ayırsınlar. Tələbələr  harda görsələr, mənə suallar verirlər. Buna görə auditoriyada olmağım daha yaxşıdır ki, suallarını orda vermələri daha yaxşı olar.  Həmin şəxs də mənə dedi ki, Firudin bəy, sizi müəllim olaraq götürə bilmərəm. Siz sıradan biri deyilsiz. Sizi müəllim götürsəm, gərək, yuxarıların icazəsini alım.

Aynur Camalqızı: Mən inanmıram ki, yuxarılardan göstəriş verilsin ki, Firudin Cəlilova dərs verməyin…
Firudin Cəlilov: Mən ona cavabımı verdim. Dedim, əgər hünərin çatarsa, get yuxarı ilə danış. Dedim ki, sən heç yuxarılara gedib çıxa bilmirsən. Həmçinin bildirdim ki, bu, mənə yox, gənclərimizə lazımdır.

Mənim yanıma gələnlər içərisində tarix fakültəsinin bir tələbəsi var idi. Mən gördüm ki, bu, bizim bəzi professorlardan daha savadlıdır. O insana istiqamət verdim, başladı Şumer tarixi ilə bağlı işləməyə. Bir gün eşitdim ki, onu unverstitetdən qovublar. Səbəb isə odur ki, niyə mitinqə gedib. Hazırda o, İsveçrədə yaşayır. İrandan mənə bir yazı göndərdilər. Mən də vaxtım olmadığı üçün göndərdim ona ki, baxsın. Mixi yazılar haqqında idi. Bir neçə gün sonra mənə cavab verdi ki, bu, nə haqqındadır. Mən də dedim ki, bu yazıları çap etdirsin.

Daha sonra bu, bəzi saytlarda da yayımlandı. Başlıqda yazılmışdı ki, “Unverstetdən qovulan tələbənin oxuduğunu universitet müəllimləri oxuya bilmir”.Yəni bizim belə istedadlı, bacarıqlı gənclərimiz yetişir. Bu gün onlar sosial şəbəkələrdə də çox aktivdirlər.

Faina Hənifəyeva:  Bəs ziyalı zümrəsi yetişəcəkmi?
Firudin Cəlilov: Onlar artıq ziyalıdır. Hərəsinin 25-30 yaşı var və yaşlarına görə xeyli savadları var, intellektualdırlar. Amma  elə adam var ki, yaxasında orden daşıyır, amma  ziyalı deyil. Yəni ziyalılıq bununla ölçülmür, xalqa verə bildiyi xeyirdən, ziyadan asılıdır. Mən onları gecə işıldayan böcəklərə bənzədirəm. Baxırsan, hər yerdən biri işıldayır, amma  bir yerə toplaşanda xeyli ışıq saça bilir ətrafa…

Aynur Camalqızı:  Dediniz ki, sosial şəbəkələrdə intellektual gənclik toplanıb. Mən də sosial şəbəkələrdə oluram, amma  orada kiçik istisna ilə, gənclərin intellektual səviyyəsindən daha çox, söyüşçül, dar düşüncəli, tərbiyəsiz bir nəsil  görürəm…
Firudin Cəlilov: Var elə gənclər də. Mən dediyim kütləvi deyil. Amma mənim tanıdığım gənclər daha çox qruplarda fəaliyyət göstərirlər. Maraqlı mövzular olanda o şəbəkələrdə məni də qatırlar. Təbii ki, manqurtlar tarix boyu olub, olacaq da. Lakin şəbəkənin içərisindəki o işıqları görürəm.
Faina Hənifəyeva: Firudin müəllim, test sisteminə qayıdaq. Son illər get-gedə ballar aşağı salınır, yüksək bal yığan tələbələr isə sonradan savadsızlaşırlar. Bunun səbəbini nədə görürsüz?
Firudin Cəlilov: Bayaq da dediyim kimi, şagirdləri əzbərçiliyə alışdırırlar. Əzbərləyib 700 bal yığan gənclərin biliyinə mən inanmıram. Həqiqi savadla 700 bal yığmaq nadir hallarda ola bilər. Əzbərləyən gənclər təbii ki, sonradan oxuduqlarını unudacaq. Bizim gənclər test əzbərləməklə yox, savadlarını daha da artırmaqla irəli getməlidir. Rus dilini bilməyən gənclərə təəccüb edirəm. Rus dilini bilmək vacibdir. Hələ bundan sonra 50 il də biz rus dilində yazılmış kitablardan elm öyrənməliyik. Mənə deyirlər ki, Firudin Cəlilov rus dilinin əleyhinədir. Mən rus dilinin əleyhinə deyiləm, dövlət orqanlarında rus dilinin işlənməsinin əleyhinəyəm. Rus dilini bizim gənclərin bilməməsi əslində faciədir.

Türkçülüyü ilə fəxr edən kişi

Elçin Əlibəyli: Akademiyada çıxışınız zamanı dediniz ki, Azərbaycanda humanitar institutlara yalnız  azərbaycanlılar rəhbərlik etməlidir. Mənim sualım elə bu söhbətdən doğur. Siz həm də regionçusuz?
Firudin Cəlilov: Mən düşünürəm ki, insan öz doğulduğu bölgəni, qohum-əqrəbalarını, ailəsini sevməlidir. Bu, regionçuluq sayılmır. Amma mən regionçu sayıla bilmərəm, çünki, Altayda yaşayan türklə, Kəlbəcərdə, Kərkükdə yaşayan türk arasında fərq görmürəm. Məni bunda ittiham etmək olmaz. Mən türkçüyəm.

Elçin Əlibəyli: Bəs niyə Heydər Əliyevin dövründə sizi işdən çıxartdılar?
Firudin Cəlilov: Heydər Əliyevlə bağlı heç vaxt narazılığım olmayıb. Hətta bir neçə dəfə olub ki, ikilikdə əyləşib söhbət də etmişik…

Elçin Əlibəyli: Dövlət gerbimiz qəbul olunanda onun əleyhinə idiniz. Hətta ona “paçevnik” adlandırmışdınız. Bəs o zaman niyə qəbul olundu?
Firudin Cəlilov: O qəbul olunan zaman mənim komissiyamdan keçməli idi. Bizim  komissiya onu hazırlayırdı. Mən də gerb hazırlamaq üçün rəssamları çağırdım və müsabiqə  elan elədim. Tapşırdım ki, gerbləri çəkin, adlarınızı qeyd etməyin. Çox gözəl çəkilmişdi. Hamısını parlamentdə nümayiş etdirdim, Ziya Bünyadov da baxdı. Heç birini bəyənmədilər. Biz rəssamları bir yerə yığarkən alimləri də gətirdik ki, ideyanı verək. Mən təklif etmişdim ki, gerbin üzərində ya at, ya da boz qurd olsun. Birinci sərgidə heç biri bəyənilmədi. İkinci sərgi üçün dedim, yenilərini çəkin. Buna görə hətta rəssamlar arasında məndən küsənlər də oldu. Sonra ikinci mərhələni keçirdim. Bu vaxt mən xaricə bir həftəlik səfərə getdim. Qayıdanda isə artıq gerb seçilmişdi. Bəyənmədim, etiraz etdim ki, bu, Məmməd Əminin dövründəki gerb deyil. Bu, bir yəhudi, gürcü layihəsi olub və burada milli heç bir şey yoxdur. Elçibəy dedi ki, bizə pasport lazım idi, tez olmalı idi. Mən də dedim axı bu, mənim işim idi. Bir həftə gözləyə bilməzdinizmi? Hətta gerbin üstündə belə mübahisələrimiz olub. Bu məsələdə İsa bəyin də günahı var idi. Bu Məmmədəmingilin gerbi deyil, milli təfəkkürü əks elətdirmir. Hələ himni qəbul elətdirəndə nələr çəkmişəm…

Aynur Camalqızı: Deyirlər, bizim himnimiz çox uzundur. Standartlara uyğun deyil. Sizcə, qısaltmaq lazımdırmı?
Firudin Cəlilov: Haqlısız, himn uzundu. O vaxt mən bəstəkarları çağırdım ki, himni bir az qısaldın. Hətta şairlərdən Vaqif Səmədoğlu ilə Vaqif Bayatlını da çağırdım ki, sözləri bir az qısaltsınlar. İki saat fikirləşdilər, axırda dedilər ki, əlimiz gəlmir. Bizim himni mühacirlərin ifasında eşitsəniz, çox bəyənərsiz. Var İnternetdə. Mən onların ifasını eşidəndə kövrəlirəm. Xalq mahnısı kimi oxuyurlar.

Aynur Camalıqızı: Bəs bayrağımız haqda nə deyə bilərsiz? Bayrağımızın üç rəngli olmasına münasibətiniz necədir? Belə fikirlər də var ki, bayraq elə bir rəngli olsa, yaxşıdı. Sizcə, dəyişdirmək lazımdırmı?
Firudin Cəlilov: Bu fikir doğru ola bilər. Amma… lazımdırmı dəyişdirmək? Bu Məmmədəminin, Demokratik Cümhuriyyətin xatirəsidir axı. Məncə, bayrağa toxunulmamalıdır…

Kasıb təqaüdçü

Aynur Camalqızı: Siz yüksək vəzifələrdə işləmisiz, amma indi bunun heç birinə görə təqaüd almırsız…
Firudin Cəlilov:  Mən evdar qadınların aldığı qədər pensiya alıram.

Elçin Əlibəyli: Bəs pulu hardan qazanırsız?
Firudin Cəlilov: Qonararlar alıram, kitablarım çıxır. Bir də görürsən, kitab mağazasının yanından keçəndə soruşuram ki, kitablarım satılırmı? Satılan kitabların pulundan yüz manat verirlər.

Faina Hənifəyeva: Amma Türkiyəyə getsəydiniz, indi universitetlərin birində işləyə bilərdiniz. Niyə getmədiniz?
Firudin Cəlilov: Mən bu ölkədən kənarda bir həftədən artıq qala bilmirəm. Həm də tərk etmək istəmərəm bu ölkəni.

Aynur Camalqızı: Səhhətiniz necədir?
Firudin Cəlilov: Yaş öz sözünü deyir. Oturaq həyat sürürəm… Allahın verdiyi qədər yaşayacağıq.

Aynur Camalqızı:  İctimail Palata yarandan sonra vahid namizəd məsələsi müzakirə edilərkən ziyalıların da adı çəkildi. O ziyalılardan biri də siz idiniz…
Firudin Cəlilov: Söhbət məndən getmir, istənilən ziyalı namizəd olsa, bu məsələdə komanda şəklində iştirakı  məqbul sayırdım. Ancaq mən prezidentlik məsuliyyətini bilirəm və bu məsələyə ciddi baxmiram. Mən nə xarakter, nə də imkanım baxımdan belə bir iddiada ola bilmərəm. Bunu təklif edənlər yanlış ünvan göstəriblər.

Aynur Camalqızı: Seçkiyə çox az müddət qalıb, müxalifətin hələ də vahid namizədi yoxdur…
Firudin Cəlilov: Müxalifət zəifdir, bunun yeganə yolu birləşməkdir. Əgər birləşməsələr, uğur qazana bilməzlər.

Aynur Camlaqızı: Bayaq dediniz ki, meydan hərəkatını mən idarə etmişəm. Zaman-zaman Sabir Rüstəmxanlı, Sirus Təbrizli də deyir ki, meydanı mən idarə edirdim. Bu iddialara münasibətiniz necədir?
Firudin Cəlilov: O vaxt Sirus bir dəfə gəlmişdi çıxış etməyə, amma tribunaya buraxmırdılar. Onu tribunaya elə mən buraxdırdım. Sabiri də, Neməti də biz meydana buraxmışıq. Sabir Rüstəmxanlının isə rolu çox böyük olub, bunu danmaq olmaz. O meydan çox şey etdi, Elçibəyi də meydan lider seçdi.

Elçin Əlibəyli: Sabir Rüstəmxanlı ilə eyni cəbhədə hərəkət etdiniz, amma  indi o, millət vəkilidir, Partiya rəhbəridir. Amma siz yox…
Firudin Cəlilov: Mən bunu öz azadlığım kimi görürəm. Heç kimə bağlı deyiləm. Kimdənsə, hansısa qurumdan asılı olmağı həzm edə bilmərəm. Mən azadlığı hər şeydən üstün tuturam.

Elçin Əlibəyli: Layihənin sonunda bizim üçümuz haqqında öz təəssüratlarınızı bölüşməlisiniz…
Firudin Cəlilov: Mənim təəssüratlarım əlbəttə ki, subyektiv deyil, obyektiv olacaq. Suallarınız kifayət qədər ciddiydi. Sizi təbrik edə bilərəm ki, bu günə qədər mediaya demədiklərimi məndən ala bildiniz. Aynur xanımı hamı tanıyır, hamı sevir. O, millət vəkili olanda da seçicilərinin necə sevgisini qazandığını hamımız gördük. Amma  sonra yenidən mətbuata qayıtmasını alqışlayıram. O vaxt da ona demişdim ki, qələmi əlindən yerə qoyma, jurnalistin silahı qələmidir. Yaratdığı bu saytlar, qəzet Aynur xanımın istedadını göstərir…

Faina xanımla ilk dəfədir danışırıq, amma çox xoş oldu. İstedadlı xanımdı. Çox maraqlı suallar verir. Həm də sualları iki başlıdır… (gülür)

Elçin bəylə çoxdan tanışıq. O vaxt televiziyada layihələrini  maraqla izləyirdim. Xeyli üzüldüm ki, televiziyadan ayrıldınız. Lakin bu yolunuz da uğurludur…

Mənbə

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir