Posted on

“Bunların nadanlığı ondadır ki…”

Firudin Cəlilov:  “Ölkədə regional qarşıdurmaları gündəmə daşımaqda maraqlı qüvvələr var”
“Şərait tələb etsə, namizədliyimi irəli sürərəm”

İstiqlalçı deputat, Azərbaycanın dəyərli ziyalılarından biri Firudin Cəlilovdur budəfəki müsahibimiz. Hələ söhbətə başlamadığımız halda bayaqdan bir-birinə caladığı siqareti əlindən kənara qoymamasına daha dözə bilmədim. “Deyəsən siqaretlə möhkəm haqq-salamınız var, Firudin bəy” deyəndə gülərək replikamı səmimiyyətlə cavablandırdı. Dediyinə görə, 17-18 yaşından siqaretlə sirdaşdır. “50 ilə yaxındır ki, dostluq edirik, bu dostluğu poza bilmirəm” söylədi. Əlavə edir ki, bir dəfə dönüklük eləyib daşını atıbmış, ancaq acısını çəkib. Bir gündə həkim 13 dişini çəkməli olub və yenə siqaretə qayıdıb.

– Yəqin ki, ziyalılarla bağlı kampaniyanın başlamasından sonra daha çox siqaret çəkirsiniz…

– Əslində ziyalılara qarşı hücum son iki həftənin məsələsi deyil. Son 20 ildə ziyalılara qarşı iqtidarın münasibətini görmüşük. Buna da normal baxıram. Çünki iqtidarın ən çox çəkindiyi ziyalılardır, onlardan məsafə saxlamaq istəyir. İstəmir ki, onların ağzından xalq tənqid eşitsin. Çünki ziyalının sözünün çəkisi ağırdır. Amma ən dəhşətlisi odur ki, bu iqtidara züy tutanlar var. Kollektiv şəkildə universitetdən, Neft Akademiyasından məktublar yazırlar. İndi fabrik-zavodlar yoxdur deyə, onları bu prosesə qoşa bilmirlər. Bu məktubların təşkili, təbii ki, yuxarıdan gəlib, bu, aydındır. Amma ora imza atanların adları ilə bağlı jurnalist tədqiqatı aparsanız, görərsiniz ki, elə bunların işi budur. Vaxtilə mən şahidi olmuşam, universitetin müəllimlərini, professorlarını televiziyaya çıxarıb Heydər Əliyevin əleyhinə danışdırıblar, bu adamlar qəzetlərdə Əliyevin əleyhinə yazılar yazıblar. Həmin adamlardır, bu gün də Rafiq Əliyevin əleyhinə yazırlar. Sabah da İlham Əliyevin əleyhinə yazacaqlar. Bax, dəhşətlisi budur. Bu adamlar bir şeyi qanmırlar ki, qardaş, tarix var, vaxtilə Müşfiq, ya Cavid haqqında yazanlar 30-40 ildən sonra arxivlərin açılması ilə biabır oldular. Amma indi yazanlar üçün arxiv də lazım deyil, xalqın gözü qabağında baş verir. Rejim, siyasi situasiya dəyişən kimi bunlar da buqələmun şəklində rənglərini dəyişirlər. Dünən Heydər Əliyevi tənqid edirdilərsə, bu gün ziyalıları hədəfə alıblar. Özü də bunlar sıradan adamlar olsa, deyərsən qanmır, savadı çatmır. Çoxunun adının qabağında akademik, professor sözü var. Mən bunu ayıb sayıram. Axı kənardan bunlar ziyalı kimi görünür.

– Söhbətlərdə bu adamların özlərini təmizə çıxartmaq cəhdləri olurmu ki, bir tikə çörəyin naminə məcburuq və sair?

– Heç kimi məcbur eləmək olmaz ki, sən get kiminsə üzünə dur, əleyhinə yaz ki, çörək ağacın kəsilməsin. Əgər satqınlıq, yaltaqlıq, buqələmunluq bunların qanında olmasa, heç kim məcbur edə bilməz. Bəzən aldadıb, deyək ki, bir sənəd göstərib ayrısına qol çəkdirə bilərlər. Abırlı adamlar da bunu bilən kimi təkzib verirlər. Ziyalılara bu münasibət indi başlamayıb, 20 ildir davam edir. Özü də bu münasibət mənimlə başlayıb. Rafiq Əliyev dostumuzdur, çox görkəmli alimdir, xətrini də istəyirəm. Rafiq Əliyevə neyləyiblər ki? İki vəzifəsindən birini əlindən alıblar, yenə orda qalır, işləyir. Amma məni universitetdən müəllimlikdən də çıxartdılar. 1994-cü ildən bu günə qədər də işsiz qalmışam.

– Siz Elçibəy hakimiyyətinin nazirlərindən biri olduğunuz üçün Azərbaycan reallığında hardasa başadüşülən sayıla bilər.

– Yox, tək mən deyildim ki. Birinci mənimlə başladılar, bugünkü ictimai təpki olmadı, heç qəzetlər də vermədi ki, bəs, təhsil naziri işləmiş bir adamı indi müəllim işləməyə qoymurlar. Özü də bu, sıradan adam deyil, tanınmış alim, professordur, kitabları xaricdə çıxır, böyük dövlətlərdə keçirilən qurultay və simpoziumlarda ölkəmizi təmsil edir, bu, niyə müəllim işləməsin? Məndən sonra gördülər ki, təpki yoxdur, Əliyar Səfərlini çıxartdılar. Əliyar Səfərli də akademiyanın müxbir üzvüdür, özü də qədim Azərbaycan ədəbiyyatı üzrə bir nömrəli mütəxəssis idi. Bunu müəllimlikdən çıxartdılar, yenə təpki olmadı. Tanınmış ziyalı, dilçi Kamil Vəli Nərimanoğlunu çıxartdılar. Daha sonra Süleyman Əliyarovu kafedra müdirliyindən uzaqlaşdırdılar, təpki olmadı. Bu günə qədər də proses davam edir. Yəni milli ziyalıların təhsil ocaqlarından təmizlənməsi prosesi mənimlə başlayıb, bu gün də davam edir.

– İndiki dövrdə belə bir kampaniyaya başlamaq hakimiyyətin nəyinə gərək idi?

– Söhbət etdiyimiz bu mövzunun bir-iki murdar tərəfi var ki, hələlik görünmür. Mən yazılara fikir verirəm, artıq bunu regional müstəviyə çəkmək istəyirlər. Yəni Rafiq Əliyev qarabağlıdır, onun əleyhinə imza atanlar da naxçıvanlı-ermənistanlılardır. Bax, bu görüntünü yaratmaq istəyirlər. Əslində mən yuxarıda Rafiq Əliyevin əleyhinə gedənlərin kimlər olduğunu dedim. Onları regional təmsilçilər kimi təqdim etmək düz deyil. Qarabağla, Vəzirovla bağlı ki, Rafiq Əliyevə iradlar tuturlar, burda dəst-xəttin hardan gəldiyi açıq görünür. Bu, artıq qorxulu tendensiyadır. Mən özüm irəvanlıyam, kimi müdafiə edirəm: Rafiq Əliyevi. Bunu ömründə qabartmazlar, amma o birisini qabardarlar. Yəni ölkədə təzədən regional qarşıdurmaları gündəmə daşımaqda maraqlı olan qüvvələr var. Mən bir-iki kəlmə Rafiq müəllim haqqında demək istəyirəm. Rafiq müəllimi hələ o, Mərkəzi Komitədə işləyəndən tanıyıram. Təhsil şöbəsinin müdiri idi, universitetə gələrdi, görüşlər keçirərdi. O illər idi ki, artıq milli azadlıq hərəkatı başlamışdı. O da iqtidarda idi. Amma yeganə adam idi ki, müxalifətçilərlə görüşdən qorxmurdu. Gəlirdi, görüşürdü, tələbləri eşidirdi. Yəni iqtidarda olmasına baxmayaraq, xalqın ortalığa qoyduğu tələblərə həssas yanaşırdı. Xalq Cəbhəsi hələ hakimiyyətə gəlməmiş mən baş nazirin müavini işləyirdim, Ali Attestasiya Komissiyasını yaratdım. Bir deputatı müvəqqəti ora rəhbər qoydum və onun əli ilə müəyyən işləri gördürdüm. Bu zaman Rafiq Əliyevi mən ora müavin gətirdim. Baxmayaraq ki, vaxtilə biz əks cəbhələrdə idik. Məqsədim də o idi ki, bu qurum işə düşəndən sonra Rafiq Əliyevi ora sədr qoyum. Mən bu ərəfədə Amerikaya gedəsi oldum. Rəhmətlik Elçibəy mənə dedi ki, bəs bu quruma kimi sədr təklif edirsən? Dedim hələlik sən qarışma, orda bir-iki nəfəri nəzərimdə tutmuşam, gəlib məsləhətləşərik, birini qoyarıq. Rafiq müəllimin adını çəkmədim ki, birdən təklifi qəbul etməz, mənim planlarım pozular. Dedi ki, bəlkə Azad Mirzəcanzadəni qoyaq. Mən qəti etiraz etdim. Dedim sən Azad müəllimlə dostsan, bir yerə nazir təyin elə, amma bu işi əgər mən yaratmışamsa, onu təyin etsən, mənim prinsiplərimlə işləməyəcək. Elçibəy dedi yaxşı, get, gəl, məsləhətləşərik. Mən qayıdanda gördüm artıq Azad müəllimin fərmanını verib, ora təyin edib. Rafiq Əliyev də ərizəsini yazıb, işdən gedib. Hələ bu günə qədər mən bu söhbəti Rafiq müəllimin özü ilə eləməmişəm, ilk dəfədir sizə deyirəm.
Ziyalı ziyalının qiymətini bilməlidir. Mən Rafiq müəllimin qiymətini o vaxt bilirdim, o, vəzifələrə layiqdir. Mən onun Lütfi Zadə ilə münasibətlərini də bilirəm. Lütfi Zadə də elə-belə adam deyil, Eynşteyndən sonra ən məşhur alimlərdən biridir. Biz ziyalılarımızın qədrini özümüz bilməsək, fars, erməni, rus gəlib onlara qiymət verməyəcək ki. Ən azından bu qiyməti iqtidar vermirsə, heç olmasa biz loyal ziyalılarımızın və yaxud müxalifət içərisində olan milli ziyalılarımızın dəyərini verməliyik. Necə ki, vaxtilə mənim heç adım da hallanmadı ki, bu adama qarşı repressiyalar oldu, ardınca da digərləri hədəfə alındı. Söhbət məndən getmir, mənim əvəzimdə başqası da ola bilərdi. Xalq öz ziyalısının arxasında durmalıdır.

– Konkret nəyi nəzərdə tutursunuz, xalq nə etməlidir?

– Bu gün gündəmdə Rafiq Əliyevi müdafiə etmək məsələsidir. Buyursunlar, müdafiə etsinlər.

– Meydanlarda?

– Rafiq Əliyevin özü də meydan adamı deyil, özü də bunu istəmir. Bəlkə bu, Rafiq müəllim üçün çox xırda məsələdir. Bu, bir simvollaşmış obrazdır ki, Azərbaycanda ziyalılara belə qan uddururlar. Hətta dediyim kimi, YAP-çı da olsa, ən çox əziyyətini çəkən bunların öz içindən olan ziyalıdır. Bunu edən yuxarıda oturmuş bir-iki adamdır. Amma bunun ziyanını çəkən bir tərəfdən xalqdır, bir də prezident. Yəni bu, birbaşa prezidentin əleyhinə olan kampaniyadır.

– Ancaq rəsmilər fərqli fikirdədir və Ziyalılar Forumunu sərt dillə tənqid edir, onu “Eldar Namazovun qrupu” adlandırırlar. Siz də toplantılara qatılıbsınız, cavabınız nədir?

– Məni son iki tədbirlərinə çağırmayıblar deyə, Foruma getməmişəm. Amma Eldar müəllimi, Rafiq müəllimi, Rüstəm İbrahimbəyovu hamı tanıyır. Bu kampaniyanı inişil Rüstəm müəllimin üzərində qurmuşdular. Axırı fiasko oldu. Bu mənada orda çox ləyaqətli insanlar – Cəmil müəllim, Əkrəm müəllim, Ramiz Rövşən var.

– İqtidar mənsubları Ziyalılar Forumunun siyasi iddialarının olmasından da bəhs edir.

– Əslində hər kəsin ortaya siyasi iddia qoyması onun konstitusion haqqıdır. Sabah ortaya çıxıb desəm ki, mənim siyasi ambisiyalarım var, deməli, üstümə düşəcəklər ki, niyə bu iddianı ortaya qoyubsan? Bu, mənim haqqımdır, savadım, təcrübəm də çatır, milli ziyalılığım da əsas verir. Ancaq siyasi ambisiya o vaxt ortalığa qoyulur ki, seçkilər başlayır, namizədlər ortaya çıxır, normal mühitdə xalq kimə istəyirsə, ona da səs verir. Bu iqtidar elə bilir ki, elə ətrafında gördükləri adamlardır və kənarda onlardan başqa bu ölkəni idarə edə bilən adamlar yoxdur. Bax bunların nadanlığı bundadır. Halbuki kənarda, Akademiyanın özündə, universitetlərdə, böyük müəssisələrdə, elə dövlətin özündə aşağı səviyyəli məmurların, ziyalıların içində bu ölkəni idarə etmək qüdrətinə malik olan, intellektual potensialı da buna imkan verən adamlar həddindən artıq çoxdur. Bunların sırasından ortalığa çıxanlar olanda onlara niyə pis baxmaq lazımdır? Bu baxışın, münasibətin özü qüsurludur.

– Bir müddət öncə, hələ ziyalılarla bağlı tufan qopmamışdan siyasətə qayıtdığınızı bəyan etmişdiniz. Bu bəyanat hansı hədəflərə hesablanıb?

– Mən onsuz da siyasətin içindəyəm. Amma mənim öz meydanım var – elm sahəsi. O meydanda boşluq var. Günümü orda keçirdirəm, gücümü ora qoymuşam. Əlbəttə, lazım gəlsə, şərait tələb etsə, lap ortalığa çıxıb namizədliyimi də irəli sürərəm. Heç kim də mənə etiraz edə bilməz ki, sən niyə namizəd olursan.

– Deputatlığa, yoxsa prezidentliyə?

– Həm deputatlığa, həm də prezidentliyə. Niyə də olmayım, kimdən əskiyəm? Amma hələ ortalıqda belə bir şey yoxdur. Siyasətə qayıtmaq məsələsini isə istiqlalçı deputatların toplantısında dedim. Bir az da ərkyana dedim ki, siyasəti apara bilmirsiniz, mən məcbur olub təzədən qayıdacağam, ətrafıma sizi yığacağam ki, sağlam siyasət aparaq. Belə bir sözdür demişəm, onu ciddiyə almayın.

– İstiqlalçı deputatlarla bağlı çağırışlara da hökumətdən bir reaksiya gəlmədi. Haqqınızın tanınacağına ümidiniz qalıbmı?

– Düzü bu iqtidardan gözləmirəm. Çünki bunlar müstəqilliyə, istiqlala xoş baxmırlar. Baxmayaraq ki, idarəetmənin başında durublar. Amma içlərində bayrağa, himnə münasibət ayrıdır. Fikir verin, himn oxunanda iqtidarda olanların heç biri oxumur. Elə bu, onların dövlətçiliyimizə, müstəqilliyə olan münasibətinin göstəricisi deyilmi? Bunlar axı bu dövləti zülmlə qurmayıblar. Dövləti bizlər qurduq. Sadəcə, bizimkilər bu dövləti aparıb sinidə bunların qabağına qoydular ki, gəlin idarə edin. Bax onun altını çəkirik. Mənim davam bunlardan çox, o sinini ortaya gətirənlərlədir. Yəni niyə satqınlıq elədiniz? Niyə bu milli azadlıq hərəkatını gətirib bu yerə çıxartdınız? Mən Cəbhənin üzvü olmamışam. Bir illik hakimiyyətdə mənim davam köhnə kommunistlərlə, bir də cəbhəçilərlə olub. Bu davanı apara-apara təhsildə islahatları həyata keçirə bildim. Rəhmətlik Elçibəy bir il prezident oldu, 6 ay onunla küsülü qaldım: 3 ay o başdan, 3 ay bu başdan. Bir “x” hərfinin üstündə bir-birimizi qırırdıq. AXCP-nin embleminə baxın, mənim acığıma onlar “x” hərfini işlətmədilər, emblemdə bu gün də “h” yazırlar. Mən siyasətə qayıdacağam deyəndə onu nəzərdə tuturdum ki, qayıdım onlara dərs verim. Yəni buraxdıqları səhvləri bir də etməsinlər. Bu gün hakimiyyətdə olanların əksəriyyəti sovetlər dövründə vəzifədə olan kommunistlərdir, onlardan nə gözləməliyik? Onlardan milli dövlətçilik gözləyə bilmərik ki. Bu adamlar ancaq oturduqları stulları qorumaqla məşğuldur. Bəziləri qocalır, ölür, yerlərinə komsomolçular gəlir. Gərək oturub gözləyək ki, bu komsomolçular da getsin, bəlkə ölkədə demokratikləşmə başlasın. Dirçəliş gününü qeyd eləməməsi bizim hökumət üçün biabırçılıq, böyük ayıbdır. Amma müxalifət düşərgəsi də bunu layiqincə qeyd etmədi, bu da ayıbdır. Noyabr mitinqləri, 17-18 gün 1 milyon insanın meydanda “Azadlıq” hayqırması tariximizə qızıl hərflərlə yazılacaq bir tarixdir. Balıqçılar, ya neftçilər gününü dövlət səviyyəsində qeyd edirlər, amma xalqın dirçəlişi gününün üstündən keçirlər. Bax bu, biabırçılıqdır…

Elşad PAŞASOY, “Yeni Müsavat”

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir