Posted on

“Bizi qarşıda böyük olaylar gözləyir“

Firudin Cəlilov: “Konseyə elə şəxslər seçildi ki, xəritədə Təbrizi tapa bilməz” 

Güney Azərbaycan Türkləri Konseyində ciddi fikir ayrılığının yarandığı, məşhur türkçü-alim Firudin Cəlilova qarşı süni müxalifət yaradıldığı haqda mətbuatda xəbərlər yayılıb. İddia edilir ki, bəzi şəxslər konseydə F.Cəlilovun nüfuzundan ehtiyat edərək ona qarşı addımlar atır, onu prosesdən ayırmaq üçün tədbirlər görürlər. Həmçinin bir müddət əvvəl istiqlalçı deputatların bir araya gələrək Məclis təsis etdiyi haqda xəbərlər yayılıb. Bütün bu məsələlər ətrafında Güney Azərbaycan Türkləri Konseyinin İdarə Heyətinin üzvü olmuş istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilova suallar ünvanladıq.

– Firudin bəy, bir müddət əvvəl istiqlalçı deputatların bir araya gələrək Məclis təsis etdiyi, hansısa addımlar atacağı haqda bəyanatlar oldu. Sonra da deyildi ki, iclasa heç də bütün istiqlalçı deputatlar qatılmayıb, bu işi boykot edənlər olub. Bu məsələlərə aydınlıq gətirə bilərsinizmi?

– İstiqlalçı deputatlar bir araya toplanaraq Məclis qurdular. Səhv etmirəmsə, bu prosesdə 14 istiqlalçı deputat iştirak edib. Bildirim ki, istiqlalçı deputatların hamısını eyni vaxtda bir araya toplamaq mümkün deyil. Onların biri xaricə gedir, biri xəstələnir, başqası ezamiyyətdə olur. Həm də nəzərə alın ki, istiqlalçı deputatların sayı elə də çox deyil. Bəziləri dünyasını dəyişib, bir qismi xaricdə yaşayır. Hər halda Məclis yaranıb. Bu ayın 18-də bizim müstəqillik bayramımızdır. Oktyabrın 17-də ola bilsin ki, bayramı qeyd edəcəyik və bu prosesdə media nümayəndələri də olacaq.

– Bu Məclisin yaradılması məsələsində istiqlalçı deputatlar arasında fikir ayrılığı yoxdurmu?

– Fikir ayrılığı ola bilməz. Çünki oradakılar yetkin insanlardır və içərilərində 6-7 partiya sədri var. İstiqlalçı deputatlar sıradan adam deyillər və zamanında kəfən geyərək imperiyaya qarşı duran insanlardır. Bizim qarşımızda ən böyük hədəf müstəqillik, milli dövlətin yaranması idi. Biz də buna nail olduq. Sonra güclər parçalandı, iqtidar dəyişdi. Əsas odur ki, biz müstəqilliyimizi qazandıq. Bu Məclisin yaranmasında məqsəd odur ki, ölkənin demokratikləşməsi prosesinə yardımçı olaq. Başqa ölkələrdə istiqlalçı deputatlar böyük statusa malikdir. Bizdə isə vəziyyət başqa cürdür.

– Firudin müəllim, Güney Azərbaycan Türkləri Konseyində aparıcı simalardan biri də sizsiniz. Beş ay bundan öncə yaradılan Konseyin fəaliyyəti, durum, strukturlaşma haqda nə demək mümkündür?

– Konsey Ankarada keçirilən forumda yarandı. Keçən müddət ərzində müəyyən işlər görülüb. Həm Türkiyədə, həm Azərbaycanda tədbirlər olub, Güney Azərbaycan məsələsi gündəmə gətirilib. Bakıda siyasi partiya sədrləri ilə görüşlər olub, aparıcı mediadan Güney Azərbaycan məsələsinə dəstək istənilib. Həm də bu müddətdə iki tədbir keçirilib. Oktyabrın 19-da forum keçirmək planımız var. Bu mənada müəyyən işlər görülüb. Amma təşkilatın tam formalaşmaması səbəbindən qurum daxilində müəyyən fikir ayrılıqları mövcuddur. Bu əslində normal haldır, çünki bu günə qədər təşkilatın nizamnaməsi, MNTK, strukturları tam formalaşmayıb. Bu mənada söz-söhbətlərin olması normaldır. Bütün bunları nəzərə alaraq biz noyabrda I qurultayımızı keçirəcəyik. Qurultayda nizamnamə qəbul ediləcək, struktur formalaşacaq. Bundan sonra Konsey sərbəst işləyəcək.

– Sonuncu dəfə qurultayınız mayda olub. Belə tezliklə yenidən qurultaya getmək nəyə lazım idi?

– Mayda qurultayımız olmayıb. Sadəcə, forum keçirildi və orada qərara alındı ki, Konsey təsis edilsin. Orada tələm-tələsik siyahı tutuldu, Konsey üzvləri seçildi. Konseyə elə şəxslər seçildi ki, onların qarşısına xəritə qoysanız Təbrizi tapa bilməz. Ancaq bu adamlar iddia edirlər ki, Güney problemi ilə məşğuldur, Güney Azərbaycan Azadlıq Hərəkatında yeri var və s. Bu iddialarda olan şəxslər var və ona görə də, söz-söhbətlər olur.

– Konseydə, onun İdarə Heyətində neçə nəfər təmsil olunur?

– Konseyin 50 nəfər üzvü var. Onun 17-si İdarə Heyətində təmsil olunurdu. Bu söz-söhbətlər olmasın deyə, mən İdarə Heyətindən istefa vermişdim. Məndən 4-5 gün sonra İdarə Heyətində olan güneyli qardaşlarımızın hamısı istefa verdi. İdarə Heyətində bir neçə nəfər qaldı ki, orada yetərsayın olması mümkün deyildi. Onlar çalışdılar ki, bu işi davam etdirsinlər, amma gördülər ki, mümkün deyil. Ona görə yetərsayla, yəni Konsey üzvlərinin üçdə ikisinin aldığı qərarla İdarə Heyəti buraxıldı və 21 nəfərdən ibarət qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. İndi Təşkilat Komitəsi bütün məsuliyyəti üzərinə götürüb işi aparırlar.

– Əvvəlki İdarə Heyətində neçə nəfər güney azərbaycanlı var idi?

-İki nəfər türk idi, bir nəfər İraqlı millət vəkili. Bir neçə nəfər isə Güney Azərbaycandan olan soydaşlarımız idi. İdarə Heyəti üzvlərinin əksəriyyəti müstəqil Azərbaycandan idi.

– Konseydə fikir ayrılığı nədən ibarətdir, belə söz-söhbətlər var ki, orada əsas qüvvələr sizin ətrafınızda birləşib, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə sizə qarşı müxalifət yaradıb…

– Mən konkret olaraq insanlar üzərində dayanmaq istəmirəm. Çünki bu Konseyin yaranmasını istəməyən adamlar deyil, dövlətlər var. Bunun başında İran, Ermənistan, Rusiya gəlir. Avropada da bunu istəmirlər. Azərbaycanda da, Türkiyədə də bunu istəməyən qüvvələr var.

– Gürcüstana da bu sərf etmir?

– Təbii ki, yox. Fikir versəniz görərsiniz ki, müəyyən dövlətlərin marağındadır ki, belə bir Konsey yaranmasın. Təbii ki, onlar da öz maraqlarını təmin etmək üçün konseydəki insanlardan istifadə edirlər. Söz-söhbətlər buradan qaynaqlanır. Bu dövlətlərdən savayı, bir də 10-15 ildir DAK-larda fəaliyyət göstərən şəxslərin də burada barmaqları var. Yəni Konseyin yaranmasını istəməyən maraqlı tərəflər çoxdur və onların maraqlarını da burada icra edənlər var. Mən ad çəkmək istəmirəm. Konseydə iki fikir yaranmışdı. Birinci fikrin tərəfdarları deyirlər ki, konsey formalaşmasa və nizamnaməsi olmasa da, indiki kimi davam edilsin. Digər qrup deyir ki, bizim nizamnaməmiz olmalıdır, nizamnaməni qurultay qəbul etməlidir, burada Güney Azərbaycandan olan və problemi bilən şəxslər təmsil olmalıdır, təsadüfi adamlar çox olmamalıdır və s. Fikir müxtəlifliyi buradan qaynaqlanır.

– Ancaq deputat Fərəc Quliyevin də sizə qarşı olduğu haqda iddialar var. Bu, nə dərəcədə əsaslıdır?

-Siz bayaq Zəlimxan Məmmədlinin adını çəkdiniz. Mediada Fərəc Quliyevin də adını çəkiblər və deyiblər ki, guya o da ayrı qrupdadır. Bu, doğru deyil. Əksinə, Fərəc Quliyev bizə hər zaman dəstək və kömək olub. Çünki Fərəc bəy Güney Azərbaycan məsələləri ilə 20 ildən çoxdur məşğul olur.

– Bəs niyə belə informasiya yayıblar?

– Bunu yayanlar məhz daxildə qarşıdurma yaratmaq məqsədilə edirlər. Mən Fərəc Quliyevlə dostam. Bizim aramızı bu cür yazılarla vura biləcəklərini güman edirlər. Yəni bu yazılara mən inanıb ondan küsə bilərəm və ya o məndən küsə bilər.

– Amma deyəsən, Zəlimxan Məmmədli ilə dost deyilsiniz…

– Zəlimxanla bir hərəkatda olmuşuq. Sadəcə, Zəlimxan bəy hesab edir ki, qurultaya hələlik getmək lazım deyil. Əslində burada ciddi ziddiyyət yoxdur və Konsey öz işinə davam edir. Biz çalışacağıq ki, bu qurultayda daha çox güneylilər təmsil olunsun. Çünki Avropada, Türkiyədə, elə burda da çoxlu sayda güneyli var ki, bu problemləri bizdən də yaxşı bilirlər. Biz həm də çalışacağıq ki, bu prosesdə Güney Azərbaycanda olan təşkilat və partiya nümayəndələri də iştirak etsin. Fikrimiz belədir ki, Konseyə başqan güneyli seçək və biz də milli hərəkatın əsgəri kimi yardımımızı edək ki, iş irəli aparılsın.

– Firudin müəllim, bir qrup şəxslər var ki, Güney Azərbaycan məsələsi harada qoyulursa, bu adamlar orada olur və az sonra həmin təşkilatın daxilində problemlər yaranır. Siz uzun illər Güney Azərbaycan məsələsinə elmi şəkildə yanaşmısınız və ilk dəfədir ki, təşkilati, praktiki məsələlərə qatılmısınız. Bu şəxslər kimlərdir, niyə milli məsələlərin olduğu yerdə bu adamlar da olub, sonra problemlər yaradırlar?

– Mən sizi anlayıram. Amma bilin ki, bu elə belə də olmalıdır. Çünki Güney Azərbaycan məsələsi təkcə güneylilərin məsələsi deyil. Bu, həm də bizim məsələdir, Qafqazda siyasi reallığı dəyişə bilər. Həm də burada İran, Ermənistan, Rusiya məsələsi və marağı var. Odur ki, Güney Azərbaycan məsələsinin normal axara düşməməsi üçün fəaliyyətdə olan insanlar var. Yəni tapşırıqla girənlər, şəxsi mənafeyini güdənlər var. Mən DAK-ın ABŞ-da olan ilkin qurultaylarında iştirak etdim. Sonra gördüm ki, bu yolla Güney Azərbaycan məsələsinə yardım etmək olmaz. Ona görə də sonrakı qurultaylara getmədim və bu işlərə qarışmadım. Bir alim kimi əlimdən nə gəlirsə, onu etməyə qərar verdim.

– Təkbaşına nələr edə bildiniz ki?

– Son 3-4 ildə Günaz.tv-də həftədə 3 saatlıq canlı yayımda olurdum, dünyada olan güneylilərlə canlı bağlantı qurulurdu. Mən də Güney və Quzey azərbaycanlılarının milli kimliyi haqda söhbət edirdim. Bir alim olaraq Milli Azadlıq Hərəkatına öz gücüm daxilində edə biləcəklərimi edirdim. Bu prosesi ötən ay dayandırdım. Ona görə dayandırdım ki, burada təşkilati işləri irəli aparaq. Demək istəyirəm ki, mən daima Güney Azərbaycan məsələsinin içində olmuşam. Amma DAK-larla ünsiyyətim olmayıb. Hesab edirəm ki, Konsey daha ciddi qurumdur. Ona görə qolumu çırmalayaraq konseyin formalaşması üçün var gücümü qoyacam. İnanıram ki, Konsey qarşıda duran məqsədlərinə nail olacaq.

– Konseyin strateji məqsədi nədən ibarətdir ki?

– Əslində Konseydə Güney Azərbaycanla bağlı 30-dan çox təşkilat təmsil olunur. Biz çalışırıq ki, onların sayı 40-dan çox olsun. Bu, o deməkdir ki, Güney Azərbaycan məsələsi ilə bağlı işləyən qurumların mütləq əksəriyyəti Konseydə təmsil olunacaq. Yəni Konsey Güney Azərbaycanla bağlı təşkilatların koordinasiya qurumu kimi işləyəcək, ortaq qərarların alınmasında rol oynayacaq. Biz bu ümidlərlə Konseyi işlək hala gətirmək istəyirik ki, güneylilər vahid mərkəzdə birləşə, qərara gələ bilsinlər. Biz Konsey olaraq bütün təşkilatlara bərabər məsafədəyik. Bütün təşkilatlara qucaq açılır və şərait yaradılır. Bizim Konsey olaraq böyük iddiamız yoxdur. Biz sadəcə, Güney Azərbaycanda milli məsələlər uğrunda savaş aparanların səsini dünyaya çatdırmaq istəyirik, onların haqlı mübarizəsinə beynəlxalq qurumların reaksiya verməsinə çalışırıq. Bu sahədə işlər gedir. Artıq 200 ildir bölünən Azərbaycan haqda heç kim danışmırdı, amma son 3-4 ayda parlamentlər, senatlar bu məsələləri gündəmə gətirir. Bizi qarşıda böyük olaylar gözləyir. Sanki xalqın üzərinə sel gəlir. Bu seldən çıxmaq, özü də qazancla çıxmaq üçün çalışırıq. Quzeydə ala-babat bir müstəqil ölkə qurulub. Qoy, Güneydə də belə bir müstəqil dövlət qurulsun. Zaman keçər, lazım gələndə referendum keçirib bu dövlətlər birləşə bilər. Belə işlərə təbii ki, mane olan qüvvələr olmalıdır. Əgər mane olmasaydı, biz təəccüblənər və düşünərdik ki, heç bir iş görə bilmirik. Əgər mane, narahat olurlarsa, deməli, düz yoldayıq.

Nemət Hüseynli

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir