Posted on

AZƏR BOYU

“Qədim azər boyundan ayrılıb Norveçə gələnlərdən
məşhur konunq soyu yarandı” (Thur Heyerdal)

Güney və Quzey Azərbaycan türklərini Orta Asiya və Anadolu türklərindən fərqləndirmək üçün işlənən Azər adı barədə xeyli yazılmasına baxmayaraq, hələ də bu sözün tarixi, müxtəlif zamanlarda bildirdiyi mənalar sistem şəklində öyrənilməmişdir. Vaxtilə, azər sözü ilə bağlı müşahidələrimi bir-iki yazımda vermişdim və bu adın xəzər kaspi ilə eyni kökdən yarandığını göstərən ayrıca məqalə də çap etdirmişdim. Lakin bu günlərdə asur yazısında rast gəldiyim Azər bölgəsi (URUA-za-ri) haqqındakı məlumat bu məsələyə yenidən qayıtmağıma səbəb oldu. Çünki əvvəllər istinad etdiyim Strabonun məlumatındakı Azər bölgəsi (İrəvan çuxuru) və Azari məbədi (Madada) əgər iki min il əvvələ aid idisə, artıq asur yazısındakı Azər bölgəsinin adı ondan daha 7-8 əsr qədimə aiddir. Öncə «Asur Dövlətinin Arxivi» (State Archives of Assyria) top­lu­sunun 5-ci cildində verilən həmin məlumatı nəzərdən keçirək, sonra azər adının etnolinqvistik tutumu üzərinə qayıdaq.

M.ö. VIII əsrin son rübündə II Sarqon o vaxt Arrapha adlanan indiki Kərkük bölgəsindən Urmu gölünün cənubundakı Mazamua bölgəsinə gedən «şah yolu» haqqında fərman vermişdi ki, bu yol təmir edilsin. Fərmanın icrası ilə bağlı məlumat verən şəxs kitabənin sonunda yazır:

r.1 TA* ŞA-bi URU.sa-re-[e]
2 a-di URU.BAD – a-ta-na-t[e]
3 ana-ku u-pa-sa-ak
4 TA* URU.BAD – a-ta-na-t[e]
5 a-di URU.BAD –ta-li-ti
6 URU. arrap-ha!-a-a u-pa-su-ku
7 TA* URU.BAD – ta-li-ti
8 a-di ŞA-bi URU. a-za-ri
9 [a-na-ku-m]a u-pa-sa-ak…

I remove […] from Sare to Dur-Atanate, the Arraphaeans remove […] from Dur-Atanate to Dur-Taliti, [I] remove [the…] again from Dur-Taliti to Azari… (SAA, vol.5, N229, r.1-9).

«Mən yenidən Sare şəhərindən Dur-Atanate şəhərinə çıxıram. Arraphalılar Dur-Atanate’dən Dur-Taliti şəhərinə hərəkət edirlər. (Mən) yenidən Dur-Taliti’dən Azari şəhərinə yönəlirəm».

Göründüyü kimi, şah yolunun marşrutu Arrapha-Atanate-Taliti-Azari şəhər və ya bölgələrindən keçir. Mətni dərc edən tədqiqatçılar Azari şəhərini Mazamua bölgəsində yerləşdirirlər. Bu bölgənin tarixindən mə­lum­dur ki, əvvəllər orada lulu, turuk (türk), zəngi kuman boyları yaşa­yır­dı. Kitabənin yazıldığı dövrdə həmin bölgə Manna dövlətinin mər­kə­zində idi. Ona görə də, indiki Kərkük ilə Urmu gölü arasında yerləşən Azari şəhəri və ya qalasının türk boylarından olan azərlərin adı ilə adlan­ması təbii idi. Qayıdaq azər sözünə.

Türk boy (tayfa) adlarının ər sözü ilə işlənməsi geniş yayılmış hadisədir. Məsələn, xəzər, suvar, avar, tatar, qamər, göyər, dügər, padar, qa­car və sairə. Ona görə də, mütəxəsislər düzgün olaraq, azər boyadını (etnonimi) az ər hissələrinə ayırırlar. Eyni qayda ilə xəzər boyadı da belə hissələrə bölünür. Və hər iki adın başında gələn az xəz sözünün eyni ad olması ortaya çıxır. Bu eyniliyin həm dilçilik izahı, həm də tarixi örnəkləri vardır. Bunun dilçilik izahı belədir ki, qədim dövrlərdə boğaz tutulması ilə tələffüz olunan saitlər bəzi türk tayfalarının dilində samitlə işlənmiş, a səsi ha, qa, ka, xa şəkillərində tələffüz olunmuşdur (11, 124). Ona görə də, eyni söz bir dialektdə bir cür, digər dialektdə isə başqa cür tələffüz olunaraq yayılmışdır:

At        – hat
Ot       – xot
en(li)   – gen(iş)
aran    – haran və s.
Bu baxımdan, azər xəzər sözləri də eyni adın qədim dialekt fərqləridir. Xəzər dövləti ərazisində olan Xazar-qala adı bəzi yazılarda Azər-qala kimi verilir. Antoni Avqusta aid yol xəritəsində azların yaşadığı bir məntəqə Haza, Plinidə isə Aza şəklində yazılmışdır. İrəvan çuxuru Urartu yazılarında Aza ölkəsi, Strabonun kitabında isə Azar ölkəsi adlanır. Bəzi ərəb mənbələrində Qəbələ şəhərinin adı da Xəzər adı ilə verilmişdir. İndi də araba, açar kimi onlarla söz bəzi azər dialektlərində haraba, haçar kimi işlənir.

Azər xəzər adlarının başqa bir variantı da kaspi sözüdür. Bu sözün də əvvəli az//as xaz/kas kimi, sadəcə dialekt fərqindən başqa bir şey deyildir. Sözün sonundakı -pi//-bi şəkilçisi isə qədim Azərbaycanda tayfa adlarına qoşulan geniş yayılmış sonluqdur:

lulu-bi(lulubi);                              elli-pi(ellipi),
suv-bi(suvbi);                                kas-pi(kaspi),
azər-bi(azərbi);                             tras-pi (traspi) və s.

Gürcüstanda azər türklərinin yaşadığı Kaspi şəhərinin adı V əsrdən məlumdur. Qədim kaspi boylarının Muğanla Xəzər arasında yaşaması, Xəzərin də həmin boyların adı ilə Kaspi adlanması da bəllidir. Ələyəz dağından Araza axan Kazax çayının adını da antik dövr mənbələrində görmək olur. Deməli, azər, xəzər kaspi sözləri eyni mənşəli olub, qədim Azərbaycanın müxtəlif bölgələrinə yayılan boyların adıdır.
Həmin boylardan bəziləri az//as//kas, azaq//kazax, azar//asar, az-kişi adları ilə türklər yaşayan daha geniş ərazilərə yayılmışdır. Yeri gəlmişkən deyək ki, qədim Azərbaycanın güney qonşuluğunda yaşayan kassilər başqa xalqdır, onların dilində bəzi alınma türk sözləri olsa da, onlar daha çox draviddilli xalqlara yaxındır. Yaxud, Əfqanıstanda yaşayan türk-monqol soylu xəzər tayfaları dilini dəyişib, indi irandilli olmuşlar. Eyni durumu bəzi iranşünas alimlərin Orta əsrlərdə azəri adlanan bir boyun talış dilinə yaxın bir dildə yazıları olduğunu söyləməsinə də aid etmək olar. Baxmayaraq ki, görmədiyim həmin yazıların mövcud olduğunu təsdiq edə bilmərəm, lakin indi talış adlanan qədim kaspi xalqının Orta əsrlərdə geniş yayılan fars dilinin təsir dairəsinə düşməsi tarixi gerçəklikdir. Hətta, əlimizdə hər hansı bir azər boyunun indiki talış dilinə uyğun yazısı olmasa da, bunun mümkünlüyü təbii sayılmalıdır. Əfqanıstan xəzərləri kimi, Azərbaycan azərləri də müəyən bölgədə fars dilini qəbul edə bilərdilər. Nəzərə almaq lazımdır ki, son iki minildə türk dili ilə yanaşı, fars dili də Dərbənddən tutmuş Səmərqəndə qədər əsas dillərdən biri olmuşdur. Bu ərazilərdə xüsusilə farsdilli ədəbiyatın təsiri və bu təsir altında bir çox türkün farsca danışıb-yazması gələnəyi də danılmaz faktdır. Lakin bunlar bütün azər boylarının irandilli sayılmasına əsas vermir, ən azı ona görə ki, həmin iran (fars) dilinin Azərbaycana gəlmə tarixi bəllidir, azər boyu isə Azərbaycanda həmin tarixdən əvvəl məlumdur və yuxarıda verilən Asur mənbəyi bunu təsdiq edir. Həm də türk-azər boyları başqa adaşları (az, as, asar, azaq, kaspi, qazax, xəzər) ilə bərabər müxtəlif regionlarda türk toplumları içərisində görünməkdədir. Hətta, bu günlərdə Bakıda olan Tur Heyerdal norveç kralları (konunqları) soyunun vaxtilə Azərbaycandan getmiş azər (as ər) boyu ilə bağlı olduğunu israrla söyləyirdi.

Azərlərin bir qolu da az-kişi adlanmışdır. Bartold əvvəllər xris­tianlığı qəbul etmiş Qafqaz türklərinin sırasında azkişi tayfalarının adını çəkir. Türküstan və Altayda askisi adlı xeyli etnotoponim vardır. Göytürk yazılarında az budun (az xalqı) haqqında olan məlumat isə elm aləminə çoxdan bəllidir. Hələ II əsrdə Klavdi Ptolemey Quzey Qafqazda Azara şəhəri və Azaraba (Azar-oba?) kəndi olduğunu göstərmişdir (23, 150). Azər (asar) boylarının çoxlu qolları olmuşdur. Soy adları ilə bir-birindən fərqlənən bu boylar Aral gölünün doğusunda da yaşamışlar. Burada III-IV əsrlərdə dağıdılmış şəhərlərin adında həmin bölgülərə rast gəlmək olur; Ceti-Asar, Altın-Asar, Unqırlı-Asar, Baybolat-Asar və sairə. Kaşqadəryadakı Azlar-təpə Azar-təpə qışlaq adlarından tutmuş Orta əsrlərdə Hələb sancağındakı Azar-türkman oymağına qədər geniş areala yayılması bir daha göstərir ki, sayı bu gün 40 milyonu aşan azərlər keçmiş çağlarda da türk toplumu içində çoxsaylı olması ilə fərqlənmişlər.

Beləliklə, ilkin anlamını azman sözündə saxlayan az adı ilə tanınan azər boylarının izinə (Aza, Azaq-Azov, Astarxan-Həştərxan, Astara, Aştarak, Askişi) müxtəlif bölgələrdə rast gəldiyimiz kimi, bu boyların kaz variantı ilə yaranan adların da (Kazan, Kazax, Kazar-Xəzər, Kaspi) geniş yayıldığını görürük. Azər etnonimi şəxs adı kimi də işlənmişdir. Anadoluda Aydınoğlu bəyliyində I Umur öz qızlarına Gürcüxatun Azər-mələk adlarını qoymuşdu. Məsudi (X əsr) yazırdı ki, Azər ibn Nəbih ibn Məhacir Şəkinin hökmdarıdır. Müqəddəs kitabımız «Quran»da İbrahim peyğəmbərin (s.ə.) atası Azər adlanır. Strabon Madanın güneyində «Azari» adlı məbədin olduğunu göstərir (VI, I, 18).
Bəzi tarixçilər Azərbaycan sözünü hökmdar Atropatın adı ilə tanınan Güney Azərbaycandakı Atropatena ölkəsinin adı ilə izah etmək istəyirlər, lakin nəzərə almaq lazımdır ki, hələ Atropatena ölkəadının işlək olduğu çağda antroponimə çevrilən Azərbüd (azər-bud «azərsoylu») formasında boyadı vardı, belə ki, II Şapur (IV əsr) Avestanı redaktə edib təkmilləşdirməyi mobidan-mobid (baş kam) Azərbüd İspend oğluna həvalə etmişdi (20, 78). Elə həmin ölkədə Azər adı Atropatın yaşadığı dövrdən bir neçə əsr qədimdir, ona görə də Azərbaycan adı Atropatena sözündən yarana bilməzdi. Bütün tarixi-filoloji bəlgələr göstərir ki, Azərbaycan sözü azər etnonimindən yaranmışdır. Yaqut əl-Həməvi «Mu’cəm əl-buldən» əsərində Azərbaycan adının şərhini belə vermişdir:
«Dilçilərə görə bu sözün nisbəsi azəri və ya azri kimi işlədilir. Azər və bican hissələrindən təşkil olunduğuna görə nisbi sifəti yalnız sözün birinci hissəsindən, yəni azri şəklində düzəldilir. Azərbi kimi də deyilir. Bu formaların hər ikisi işlədilir» (66, 124).

Bizans tarixçisi Feofilakt Simokatta yazır ki, 590-da Hörmüzdün başına gələnləri eşidən oğlu Xosrov qorxudan Azərbaycana qaçdı (IV, III, 13). Müəllif Azərbaycan sözünü metateza ilə yazsa da, sözün tərkib hissələrini düzgün vermişdir, belə ki, Azrabiğan (Adrabigan) şəklində bu ad Hazrabiğan//Azrabiğan kimi oxunur. Buradakı məkan bildirən -qan şəkilçisini çıxanda sözün Azrabi hissəsi qalır ki, bu da metateza ilə verilən Azərbietnonimidir. Burada Azər adı bəllidir, etnonimlərə qoşulan -bişəkilçisindən isə yuxarıda danışmışdıq. Göründüyü kimi, Az-ər-bi-qanhissələrindən yaranan Azərbaycan adı min illər boyu mərhələ-mərhələ Az >Azər >Azərbi >Azərbiqan >Azərbican//Azərbaycanşəklində formalaşmışdır.

Beləliklə, bu gün hələlik əlimizdə olan tarixi sənəd Azər adının 3 min illik yaşından xəbər verir. Minillərin sınağından çıxmış Azər etnonimi bu gün 40 milyon insanın milli özünüdərk vasitəsidir. Bu vasitədən is­ti­fadə etməmək bizim üçün bağışlanmaz səhv ola bilər, çünki Bütöv Vətənimizin adını ortaya qoyan bu adın kökündə duran azəretnonimi həm xalqımızın, həm də dilimizin adını tarixi və elmi baxımdan dəqiq təmsil edir:

Ölkənin adı   – Azərbaycan
Xalqın adı     – Azər xalqı
Dilin adı        – Azər dili
Vətəndaşlıq   – Azərbaycanlı

Unutmaq olmaz ki, ən qədim çağlardan Azərbaycanın müxtəlif bölgələrində az, azər, xəzər, kas, kaspi, kazax kimi kiçik dialekt fərqli adlarla tanınan azər türkləri kimi, Azərbaycanda əvvəllər yaşamış saqa, qamər, kəngər, oğuz, bayat, polad, hun, tat, alban, dağlı, göyər, qaşqay və onlarla digər türk boyları da ümumi azər adı içində birləşir və bu ad V əsr­dən sonra Quzey Azərbycanın bəzi bölgələrində türk və fars dillərində danışan, sonralar digər qonşu tayfalarla qaynayıb qarışan boylar üçün də doğmadır. Ona görə də, belə birliyi təmin edən azər boyadına etinasız münasibət yalnız ziyan gətirir, milli ovqatın yaranmsına mane olur. Burada azərlərin etno-toponimlərindən, onların tarixi mənbələrdə xatırlanmasından söhbət açdıq, azər dili məsələsi isə dilimizlə bağlı yazıda açıqlanacaq.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir