Posted on

“Altay” teorisindən əl çəkməyin vaxtı çatmışdır

“Bizim hər şeyimizi əlimizdən alsalar da, çörəklə imtahana çəksələr də, qələmimizi ala bilməzlər”

70-ci illərin sonunda bir qrup rus alimi Bakıya gəlib elmi disputda iştirak etdilər. Elmi mübahisənin əsas mövzusu qədim midiyalıların farsköklü olmasını gənc azərbaycanlı alimlərə sübut etmək idi. Rus alimlərindən professor Lifşits bildirdi ki, midiyalıların indiyədək gəlib çatmış iki sözü (“spaka” – köpək və “baqa” – “tanrı”) fars mənşəlidir. Bununla da midiyalıların farsköklü olması şübhəsizdir. Bu zaman gənc dilçi alim Firudin Cəlilov (Ağasıoğlu) öz etirazını bildirdi. Gənc ziyalı rus professorundan soruşdu: “Bəyəm siz bilmirsiniz ki, rus slavyanşünasları, dilçiləri, o cümlədən, akademik Trubaçev öz elmi əsərlərində göstərmişlər ki, “spaka-sobaka-supa” sözləri slavyan, şərqi hind-avropa dillərinə Türk dillərindən (köpək) keçmişdir? “Baqa” sözü “tanrı” anlamında Orxon-Yenisey və Göktürk yazılarında da var. Özü də “Baqa” sözünə farslaraqədərki Ön Asiyanın Assur, Urartu yazılarında rast gəlinir. İkincisi, lap elə tutaq ki, bu iki söz fars mənşəlidir. İki sözə görə bir etnosu hansısa dilə bağlamaq nə qədər məntiqə uyğundur? Ona qalsa, onda rusları yunanlara bağlamaq lazımdır, çünki rus dilində yetərincə yunan sözü var. Ya da azərbaycanlıları ərəblərə bağlamaq olar; Azərbaycan dilində ərəbköklü sözlər az deyil?!”. Gənc alimimizin məntiqli sualı qarşısında rus paniranisti cavabsız durdu, mızıldanıb pərt halda yerinə keçib oturdu…     Görkəmli Azərbaycan türkoloqu, Türk tarixinin və dilçiliyinin qaranlıqlarına öz elmi əsərləri ilə işıq salmış, beynəlxalq türkoloji konfranslarda dəfələrlə fəxri adlara layiq görülmüş Firudin Ağasıoğlu ilə müsahibəni sayğılı oxucularımızın diqqətinə çatdırırıq.

 — Firudin bəy, hal-hazırda hər hansı bir təhsil və ya tədqiqat mərkəzində işləyirsinizmi?

— Son 15 ildə heç yerdə işləməmişəm. Axırıncı iş yerim millət vəkili kimi Milli Məclisdə idi, o da 1995-də bitdi. Universitetdəki müəllim vəzifəsindən də çıxartdılar. Əliyar Səfərli, Süleyman Əliyarlı və mənim kimi bir neçə milli ruhlu alimlərin unuversitetdən uzaqlaşdırılmasının bir adı var: Antimilli irticanın 37-ni quduzcasına davam etdirməsi. Ancaq vaxt gələcək ki, dövlətin adından istifadə edərək öz qara niyətlərini gerçəkləşdirən bu çətə ədalət divanında cavab verəcəkdir.

Bizim hər şeyimizi əlimizdən alsalar da, çörəklə imtahana çəksələr də, qələmimizi ala bilməzlər. O qələm işləyir, artıq cild-cild kitablar yazılıb.

— Sizin türkologiya və türk tarixi üzrə tədqiqatlarınız dəfələrlə Türkiyədə, digər türk respublikalarında və Avropada nəşr edilib. Azərbaycanda tariximizin dərinliklərinə işıq salan, erməni və digər anti-türk saxtakarlığını ifşa edən tədqiqatlarınız niyə dərc edilmir? Təhsil və tədqiqat sistemində Sizə ehtiyac olduğu halda Sizin kənarda qalmağınızı nə ilə izah edərdiniz?

— Azərbatcan xalqının islamaqədərki tarixi haqqında yazdığım “9 Bitik” siyasətdən uzaq olsa da, 20 ildir ki, əlyazma şəklində durur. Onu çap edən yoxdur. İmkanı olanların milli qeyrəti, milli qeyrəti olanların da maddi imkanı çatmır. Halbuki o kitablar yeni “Urmu teoriyası” əsasında yazılıb və bugün gerçək tariximizi öyrənmək istəyənlərə, yenicə formalaşmağa başlayan dövlətçiliyimizə çox lazımdır.

Siz mənim kənarda qaldığımı deyirsiniz. Əslində, mən kənarda deyil, tariximiz haqqında yeni konsepsiyanın mərkəzindəyəm. Dünyanın hər yerindən mənə suallar ünvanlanır, mən də onlara ya internet ya da efir vasitəsilə cavab verirəm. Bu ilişkilər şox intensiv davam edir.

Bakıda bir neçə gənclər təşkilatı (QHT) var ki, mənimlə daim əlaqə saxlayır, tədbirlərinə dəvət edirlər. Hərdən onlar üçün məruzələr də oxuyuram. Gördüyünüz kimi, məni tələbələrdən ayırsalar da, onlar məni axtarıb tapır, görüşlər keçirir. Gənclərin içində sağlam düşüncəli, milli ruhlu, dövlətini, xalqını sevənləri görəndə qürur duyuram. Çünki cəmiyəti, ziyalıları riyakarlığa alışdıran, bütöv ölkəni manısxanaya çevirən çətənin harınları qarşısında onların intellektli tutumunu, gələcəyin mili ziyalılarını, siyasət, dövlət, iş, elm adamlarını görürəm.

Türk dilinin və ilkin türklüyün Ata Vətəninin Ön Asiya köklü olması barədə məsələnin aktuallığı barədə danışmanızı istərdik

— İki əsrdən çoxdur ki, türkləri monqollarla bağlayan, Mərkəzi Asiyanı Atayurdu göstərən, öncə “Ural-Altay”, sonra da “Altay” teorisi var. Türkləri köçəri xalq kimi tədqim edən “alimlərin” işinə yarayan bu yanlış teoriyadan, daha doğrusu, sübut olunmamış fərziyyədən əl çəkməyin vaxtı çatmışdır. Ona görə biz türklərin ilkin Atayurdunun Ön Asiyada olduğunu gündəmə daşıyan yeni “Urmu” teorisini irəli sürmüşük. İnşallah, növbəti müsahibələrin birində bunun üzərində ayrıca dayanarıq.

— Azərbaycan Türklərinin genezisini vaxtilə sovet, erməni, Avropa və fars tarixşünaslığı “türkləşmə”, yəni assimilyasiya kimi göstərirdilər. Qiyasəddin Qeybullayev, bir sıra tarixçilərimiz və dilçilərimiz isə, bunu yerli və gəlmə türklüyün konsolidasiyası kimi izah edirdilər. Ümumiyyətlə, bu konsepsiyaların hansı Sizcə daha əsaslı və arqumentləşdirilmişdir?

— Elmi ədəbiyatda “türkləşmə” damğası bu gün mövcud olan bütün türk xalqlarına, o cümlədən, azər türklərinə də vurulur. Bunun siyasi nədənləri vardır, elmi əsası isə yoxdur. O ki, qaldı bizim soykökümüz ilə bağlı mövcud konsepsiyalara, onlara mənim münasibətim bəllidir. Bu haqda mənim başqalarından fərqlənən öz konsepsiyam var. Onunla tanış olmaq istəyənlər Həsən Əzizoğlunun (Həsənovun) 2007-ci ildə çap olunmuş “Türklüyümüz” adlı kitabı oxusunlar. Bu haqda internetdə müxtəlif saytlarda yer alan “Azərbaycan Tarixi (Konsepsiyalar)” başlıqlı yazıda da məlumat var.

— Klyosovun nəzəriyyəsinə baxışınız

— Klyosovun fərziyəsi maraqlı olduğu qədər də ziddiyətlidir. Eyni durum türklərin Ön Asiyaya gəlişini daha qədimlərə çəkən rus alimlərindən A.M.Xaritonovun  baxışında da görünür. Keçmiş Nostratik teorisinin xromosom (qaploqrup) ilə izah olunması (Klyosov) və paleolinqvistika (Xaritonov) üzərində qurulan bu baxışlar bir tərəfdən türk dilinin Ön Asiya mənşəli ola biləcəyinə etiraz etmir, digər tərəfdən, türk etnosunun Altay mənşəli avropoidlər olmasını savunur, yəni ənənəvi Atayurd problemindən ayrıla bilmir. Hər halda, hər iki alimin türklərin mənşəyi ilə bağlı yazıları gerçəkliyə doğru atılmış kövrək addımlardır, onun möhkəmlənməsi, elmi sistemə oturması yazarların “9 Bitiklı” tanış olmasından asılıdır. Bu bitikləri oxusalar, çoxlu elmi bəlgələrlə daha doğru yola çıxa bilərlər.

— Hal-hazırda tarix və dilçilik elmimiz qarşısında duran problemləri göstərərdiniz

— Ən böyük problem savadsızlıqdır, ən dəhşətlisi isə savadsız birinin yazdığı əsərdəki “elmi” iddiaları və bu iddiaları da başqalarının qaynaq kimi göstərməsidır.

— Sizə öz dərin minnətdarlığımızı bildirir, elmi yaradıcılığınızda uğurlar arzulayırıq.

Söhbətləşdi:   Pərviz Elay

“Millətçilik”  qəzeti 4 sentyabr 2010-cu il  

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir